EN

Tahir Gözel “Lion”la oyundan danışdı

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” Liqa mərhələsinin V turunda “Lion”la qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma öncəsi Ağdam təmsilçisinin prezidenti Tahir Gözel klubun rəsmi saytına açıqlama verib.

O, komandasına güvəndiyini söyləyib:

“Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq. Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlərimizlə tam dolacaq və onlar arenadan sevinclə ayrılacaqlar. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Chosen
17
18
qafqazinfo.az

10Sources