EN

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib - YENİLƏNİB



Noyabrın 26-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin dünən başlanan müzakirələri davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Anar İsgəndərov, Musa Quliyev, Şahin İsmayılov, Arzu Nağıyev, Səməd Seyidov, komissiya sədri Eldar Quliyev, deputatlar Azər Badamov, İlham Məmmədov, Sevinc Fətəliyeva, Əziz Ələkbərli, Əli Məsimli, Əminə Ağazadə, Vüqar İskəndərov, Soltan Məmmədov, Kamran Bayramov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Nəsib Məhəməliyev, Arzuxan Əli-zadə, Aydın Hüseynov, Hikmət Məmmədov, Elman Nəsirov, Səbinə Xasayeva, Azər Kərimli, Səyyad Salahlı, Bəhruz Məhərrəmov, Samir Vəliyev, Novruzəli Aslanov, Azər Allahverənov, Vasif Qafarov və Sevinc Hüseynova çıxış ediblər.
Deputatlar çıxışlarında dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsindən və böyük uğurla başa çatmasından söz açıblar. Bildirilib ki, bəzi qüvvələr və beynəlxalq təşkilatlar COP29-un Bakıda keçirilməsini əngəlləmək üçün əllərindən gələni etsələr də, COP29-u öz siyasi maraqları üçün alət kimi istifadə etməyə çalışsalar da, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Bakıda dünyanı birləşdirməyə nail oldu. Bütün təxribatlara baxmayaraq, həmçinin maraqların toqquşduğu bir şəraitdə, yəni məsələ ilə bağlı inkişaf etmiş ölkələrlə zəif inkişaf etmiş ölkələrin ciddi fikir ayrılığı yarandığı bir mühitdə Azərbaycan Bakıda iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli təşəbbüslərə, mühüm nailiyyətlərə imza atılmasına nail oldu.
Millət vəkilləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasını iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndiriblər, COP29-un iqlim dəyişikliyi ilə mübarizə sahəsində tarixi uğurların əldə edilməsi ilə yadda qaldığını vurğulayıblar.
2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri barədə danışan deputatlar, layihələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini bildiriblər, gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqətin ayrılmasını təqdirlə qarşılayıblar. Onlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini, həmçinin cari illə müqayisədə sosialyönümlü xərclərin, təhsil xərclərinin, səhiyyəyə ayrılan vəsaitin məbləğinin artırılmasını yüksək qiymətləndiriblər.
Deputatlar iqtisadiyyatda və dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artırılmasının əsas hədəflərdən biri kimi qoyulmasını müsbət qarşılayıblar, növbəti ilin büdcəsinin milli maraqlarımıza, qarşıya qoyulan hədəflərə cavab verdiyini vurğulayıblar.
Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Bununla da Milli Məclisin dünənki plenar iclasında başlayan, bu gün səhər və fasilədən sonra davam edən geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra gündəliyin növbəti iki məsələsi - “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə təqdim edilib.
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci il üzrə Dövlət sosial müdafiə fondunun (DSMF-nin) büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq qanunvericiliyin tələbləri çərçivəsində, ölkəmizin iqtisadi və sosial inkişafına dair proqnozlar nəzərə alınmaqla hazırlanıb.
Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.
2025-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat çoxdur. Transfertin həcmindəki görünən artım 2024-cü ildə dövlət sosial müdafiə fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yönəldilməsi ilə bağlıdır.
DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.
2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.
Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilmiş və 2025-cii ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.
Musa Quliyev DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığın daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.
İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur. Sığorta haqları üzrə yığımın 75,9%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Sonra Musa Quliyev İşsizlikdən sığorta fondunun gələn il üçün xərc istiqamətləri barədə məlumat verib, fondun fəaliyyətinin tənzimlənməsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.
Sonra komitə sədri Azər Əmiraslanov təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.
Sonra iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” birinci oxunuşda məlumat verib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin rifah halının və sosial təminatının artırılması, həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində bir çox layihələr icra olunur. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 41% olması, o cümlədən son 5 ildə bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin mütləq ifadədə 1,6 dəfə artması deyilənləri əyani sübut edir.
Nazir diqqətə çatdırıb ki, Fondun 2025-ci il üçün gəlirlərinin 78%-nin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66%-ni təşkil edir.
Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılmışdır.
Qeyd olunub ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılmış, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1%-dən 2025-ci ildə 20,8%-ə enəcəkdir.
Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır.
Fondun 2025-ci il xərclərinin 97%-i və ya 7 milyard 409 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2023-cü illə müqayisədə 1 milyard 521 milyon manat, 2024-cü illə müqayisədə isə 702 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 211 milyon manatı əmək pensiyalarının, 198 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərindən ibarət olacaqdır.
2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5% artımla nəzərə alınmışdır. Bildirmək istərdim ki, növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3% çoxdur. Yaşa görə pensiyanın orta aylıq məbləği isə növbəti ildə 571 manat təşkil edəcək. Bu isə cari il üçün yaşa görə pensiyaların ilin sonuna gözlənilən orta aylıq məbləği ilə müqayisədə 8,3% artım deməkdir. Cari ilin sonuna yaşa görə pensiyaların orta məbləği 527,3 manat olaraq gözlənilir.
Pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat əsassız xərclərin qarşısı alınmışdır.
Eyni zamanda, aparılmış sistemli iş nəticəsində DSMF əleyhinə məhkəmə qərarlarının sayı 94%, yaranan maliyyə öhdəlikləri isə 93% azalmışdır.
Bununla yanaşı, Fondun fəaliyyət istiqamətləri üzrə ümumi 84 xidmətdən 79-u elektronlaşdırılmış, 2019-2024-cü illərdə ümumilikdə 830 mindən çox proaktiv elektron təyinat aparılmışdır. Xüsusilə vurğulanmalıdır ki, 2024-cü ildə Fond tərəfindən aparılmış yaşa görə pensiyaların proaktiv təyinatlarının payı ümumi təyinatların 89%-ni əhatə etmişdir. Bu isə həmin sayda şəxsin heç bir ünvana yaxınlaşmadan öz sosial hüquqlarını reallaşdırması deməkdir.
Bildirilib ki, Fondun cari fəaliyyətində bütün ölkə üzrə maliyyə və mühasibatlıq işinin mərkəzləşməsi nəticəsində maliyyə əməliyyatlarına nəzarət gücləndirilmiş, sosial ödənişlərin məmur-vətəndaş təması olmadan bir mərkəzdən şəffaf və operativ təyinatı tam təşkil olunmuş, ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi həyata keçirilmiş, bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilmişdir.
Nazir qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin həyat və sağlamlığına dövlət təminatı verilən şəxslərin dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunur. Ötən dövr ərzində dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətin fərdi uçot prinsipi üzərindən qurulmasına nail olunmuş, 6,2 min şəxsə proaktiv təyinat aparılmış, 6,4 milyon manat sığorta ehtiyatı formalaşdırılmışdır.
Fondda aparılan islahatlar beynəlxalq mötəbər təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Fondda aparılan islahatlar son üç il ərzində beynəlxalq təşkilatlar tərəfindən 50 mükafat və sertifikatla təltif edilib. Təkcə 2024-cü ilin 10 ayı ərzində Fond 27 beynəlxalq mükafatla təltif olunub.
Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” məlumat verən nazir Sahil Babayev diqqətə çatdırıb ki, 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur.
Nazir qeyd edib ki, 2025-ci il üçün təqdim edilən büdcə layihəsində ilk dəfə olaraq Fondun gəlir və xərclərinin daxilində Naxçıvan Muxtar Respublikasının işsizlikdən sığorta fondunun vəsaitləri də nəzərə alınıb.
Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur.
Ümumilikdə, 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 10%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 12% artımla proqnozlaşdırılmışdır.
Fondun 2025-ci il üçün proqnozlaşdırılan 260,7 milyon manat məbləğində xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 35 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 4 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə və 4,5 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.
Fondun 2025-ci il xərclərinin 6,5 %-i və ya 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 2 milyon manat çoxdur.
Nazir qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin 27 fəaliyyət istiqaməti üzrə avtomatlaşması mümkün olan 22 xidmətindən 16-sı artıq tam elektronlaşdırılmış, digərlərinin də qısa müddət ərzində elektronlaşdırılması istiqamətində işlər görülür.
Məşğulluq xidmətlərinin elektronlaşdırılması nəticəsində Əmək və Məşğulluq altsistemində hazırda 61 min aktiv vakansiya mövcuddur, işsiz və işaxtaranların elektron qeydiyyatı imkanı yaradılmış, elektron fərdi məşğulluq proqramının tərtibatı təmin edilmişdir.
Əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi üçün cari ilin 10 ayında məşğulluq orqanları tərəfindən 137 mindən çox şəxs işlə təmin edilmişdir.
Əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin əsas hissəsini, təxminən 30%-ni təşkil edəcəkdir. Növbəti ildə Nazirlik tərəfindən daha 8 min, Dünya Bankı layihəsi çərçivəsində 1,5 min nəfər olmaqla ümumilikdə 9,5 min ailənin özünüməşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Proqramın əhatə dairəsinin genişləndirilməsi, vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə 2025-ci ildə 7 yeni zərfin pilot olaraq tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq 4 yeni zərfin yaradılması istiqamətində araşdırmalar davam etdirilir və növbəti ildə tətbiq edilməsi planlaşdırılır.
2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş yeni peşə hazırlığı mərkəzlərinin tikilməsi nəzərdə tutulmuşdur. 2025-ci ildə Quba peşə hazırlığı mərkəzinin istifadəyə verilməsi, maddi-texniki bazasının müasir standartlara uyğun şəkildə qurulması nəzərdə tutulmuşdur.
İşsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsilinin təşkili üzrə il ərzində 16 mindən çox müdavimin peşə hazırlığına cəlb olunması istiqamətində işlər görülür. 2025-ci ildə bu istiqamətə 35 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Hazırda 175 ixtisas üzrə peşə hazırlığı kursları təşkil edilir. Mövcud peşə siyahısı əmək bazarının tələbinə uyğun olaraq yenilənir.
2025-ci ildə əmək yarmarkalarının və əmək birjalarının təşkili istiqamətində 500 min manat xərclənməsi nəzərdə tutulur. Bu, ölkədə 110 regional iri əmək yarmarkasının və digər tədbirlərin təşkil olunmasına kifayət edəcəkdir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulur.
Növbəti ildə də məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritet istiqamətlərdən biri olacaqdır. Belə ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya sistemi və səyyar monitorinq altsistemi, elektron əmək birjası və yarmarkası üzrə işlər tamamlanacaqdır.
Nazir qeyd edib ki, Böyük Qayıdış üzrə dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə əhalinin məşğulluq imkanlarının artırılması növbəti ildə də prioritet olaraq qalacaqdır. Hazırkı tarixə işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80%-dən çoxunun məşğulluğu təmin edilmiş, digər şəxslərin də məşğulluğunun təmin olunaması istiqamətində aktiv işlər aparılır.
Sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, deputatlar Azay Quliyev, Vüqar Bayramov, Əli Məsimli, Aydın Mirzəzadə və Sahib Alıyev büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.
İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, məsələlərin müzakirəsi noyabrın 27-də davam etdiriləcək.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.



Chosen
11
10
aia.az

10Sources