EN

Vasif Qafarov Milli Məclisdə seçiciləri narahat edən məsələrlə bağlı çıxış etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi davam edib.

XALQ.AZ xəbər verir ki, büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Vasif Qafarov çıxış edib.
 Deputatın çxışını təqdim edirik:
Biz bu gün müstəqillik tariximizin ən böyük büdcə layihəsini müzakirə edirik.
Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat, xərcləri isə 41367,6 milyon manat proqnozlaşdırılır.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert (14481,0 milyon manat) çıxılmaqla, dövlət büdcəsinin gəlirləri son 5 ildə 2 dəfəyə qədər artaraq, 2020-ci ildəki 12,5 milyard manatdan 23,8 milyard manata çatıb.
Eyni zamanda, qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 43,3 faizdən (10,7 mlyard manat) 2025-ci ildə 51,0 faizə qədər yüksəlib, 19543,0 milyon manata çatıb.
Bu uğurlar ölkədə iqtisadi dayanıqlığı artırır və uzunmüddətli dövr üçün iqtisadi artımı təmin edir. Bütün bunlar təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Mən vaxta qənaət edərək, burada büdcə haqqında səslənən bütün müsbət fikirlərlə həmrəy olduğumu bildirir və seçicilərin məndən tələb etdiyi məsələlərə keçmək istəyirəm.
1. Yol məsələsi. Aparılan islahatlar nəticəsində rayonların gəlirləri son illərdə xeyli artmışdır. Hazırda 5 rayon istisna olmaqla 62 şəhər və rayonumuzun gəlirləri xərclərini üstələyir. Bu rayonlar artıq dotasiyadan asılı deyillər.
Bir çox şəhər və rayonlarımızın, o cümlədən təmsil etdiyim Lerik rayonunun iqtisadi potensialı bu göstəricilərdən çox yüksəkdir.
Bu potensialı üzə çıxarmaq və ölkənin uzunmüddətli dövr üçün iqtisadi artımını təmin etmək üçün infrastruktur layihələrinin həyata keçirilməsinə ehtiyac var.
Təmsil etdiyim Lerik rayonu ucqar dağ rayonudur. Relyefi, təbiəti və gözəl mənzərələri ilə böyük turizm potensialına malikdir.
2005-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun, 2012-ci ildə 26,5 km-lik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun, 2018-ci ildə 27 km-lik Piran-Hamarat-Vıjaker avtomobil yolunun, 2019-cu ildə 21 km-lik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə yolunun inşa edilməsi, 2018-ci ildə 56 km-lik Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması bu yollar boyu turizm mərkəzlərinin yaradılmasına təkan vermiş, nəticədə bu turizm mərkəzləri və digər iqtisadi subyektlər hesabına Lerik rayonu dotasiya ilə yaşayan rayonlar siyahısından çıxmışdır. Eyni zamanda, bu turizm mərkəzləri rayonda işsiz əhalinin işlə təmin olunmasında mühüm rol oynamışlar.
Lerik rayonunda turizm potensialına görə heç də Lənkəran-Lerik yolu boyu ərazilərdən geri qalmayan bir çox ərazilər də vardır ki, o ərazilərə asfalt örtüklü avtomobil yollarının olmaması o yerlərin böyük turizm potensialından istifadəyə imkan vermir.
Bu ərazilər sırasında, 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon, 18 km-lik Piran-Veri Əliabadı-Veri, 10 km-lik 40-cı km-Əliabad, 25 km-lik Piran-Bürsülüm-Bobla, 14 km-lik Lerik-Mastayıl-Livədirqə-Laman avtomobil yollarının tikintisi adı çəkilən ərazilərdə turizmin inkişafına böyük təkan verəcək, bu da öz növbəsində həm büdcə gəlirlərinin artmasına, həm də həmin ərazilərdə yaşayan 30.000 nəfərə yaxın əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına töhfə verəcək.
Qeyd edim ki, adı çəkilən bu yolların layihə-smeta sənədləri bir neçə il bundan əvvəl hazırlanmışdır.
Bu yollardan 37,8 km-lik Əliabad-Gürdəsər-Kirəvud-Nücü-Vamazğon avtomobil yolunun 2019-cu ildə tikintisi nəzərdə tutulsa da, bu yolun inşası indiyədək həyata keçirilməmişdir.
Hansı ki, bu yol Lerik rayonunu Masallı rayonu ilə birləşdirir. Bu yolun inşası 20-dən çox kənddə iqtisadi həyatı canlandıracaq.
Dövlət büdcəsinin infrastruktur təyinatlı layihələrin məliyyələşdirilməsinə yönəldiriləcək xərclərində Lerik rayonunun yol infrastrukturunun yaxşılaşdırılması üçün də vəsaitin nəzərdə tutulmasını və bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm.
Eyni zamanda, bir məsələni də qeyd etmək istəyirəm.
2013-2017-ci illərdə Lerik rayonunda 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolu inşa edilmişdir. Lakin bu yolun çəkilişi hələ tam başa çatdırılmadan avtomobil yolunda asfalt qatı sıradan çıxmış və yol dağılmışdır.
Bu yola baxış keçirən mütəxəssislərin verdiyi rəyə görə, yolun inşası zamanı tikinti-norma və qaydalarına əməl edilməmişdir.
Podratçı təşkilat “Yol tikintinəqliyyatservis” MMC tərəfindən tikintisi həyata keçirilən yolda yaranan qüsurların aradan qaldırılması üçün təşkilata tapşırıqlar verilmiş, yolun qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsi tapşırılmışdır. Lakin yolda heç bir bərpa işləri həyat keçirilməmiş, yol keçilməz halda qalmışdır.
Üzərindən 10 ildən çoxc vaxt keçməsinə baxmayaraq, bu yol indiyədək təhvil alınmamış, podratçı şirkət isə çıxıb getmişdir.
Dövlət büdcəsindən 16,5 milyon manat vəsaitin ayrıldığı bu yolu inşa edən podratçı şirkət tərəfindən tikintinin qısa vaxt ərzində tikinti norma və qaydalarına uyğun tikilib istifadəyə verilməsini təmin etməyi xahiş edirəm.
2. Qazlaşdırma məsələsi. Həmçinin, əsaslı xərclər üçün nəzərdə tutulan xərclərin sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiriləcək məbləğində Lerik rayonunda qazlaşdırmanın davam etdirilməsi üçün də vəsaitin nəzərdə tutulmasını xahiş edirəm.
Bildiyiniz kimi, Lerik rayonu qışı sərt keçən və mavi yanacağa daha çox ehtiyac duyulan rayondur. Burada ilin 8 ayı qızınmaq üçün mavi yanacağa ehtiyac vardır.
2006-cı ildə Lerik şəhəri qazlaşdırılıb. 2009-cu ildən bu yanan keçən 15 il ərazində rayonun 161 yaşayış məntəqəsindən 60-ı qazlaşdırılıb, 101-i hələ də qazlaşdırılmayıb. İldə 3,4, 5, 6, bəzi illərdə 10, 13 kənd qazlaşdırıldığı halda son illərdə bu temp ildə 1 kəndə qədər aşağı düşmüşdür.
İldə heç olmasa 5 kəndin qazlaşdırılması həyata keçirilsə, Lerik rayonunun tam qazlaşdırılması prosesi 20 ilə yekunlaşar.
Lerik rayonuna gələn qaz xətti üzərində yerləşən Nücü, Lərmərud, Soru, Gürdəsər, Əliabad, Bilnə, Noda kimi kəndlər, hansı ki qaz xətti bu kəndlərin 200-300 metr aralığından keçir. Kəndlərin 200-300 aralığından qaz kəməri keçdiyi halda bu kəndlərə qaz xəttinin çəkilməsi elə də böyük vəsait tələb etmir.
Lerik əhalisinin təkidli xahişlərini ifadə edərək Lerik rayonunun qazlaşdırılmayan kəndlərinin qazlaşdırılması üçün büdcədə vəsait ayrılmasını və bu məsələnin də diqqətdə saxlanılmasını xahiş edirəm.
Bütövlükdə büdcəni təqdir edirəm və dəstəkləyirəm.
Chosen
21
xalq.az

1Sources