EN

Bakı COP29-la iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu =ŞƏRH

Azərbaycana göstərilən təzyiqlər nəticə vermədi


Paytaxtımızın ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbiri sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) yüksək səviyyədə baş tutdu, uğurla başa çatdı. Fransa kimi şərə xidmət edən ölkələrin təxribat və qarayaxma kampaniyalarına baxmayaraq 100-ə yaxın dövlət, hökumət və parlament rəhbərləri, 70 mindən çox qonaq COP29 tədbirinin əhəmiyyətini və Azərbaycanın yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün Bakıda bir araya gəldilər, bəşəriyyət üçün aktual məsələləri geniş şəkildə müzakirə etdilər, yeni strategiya və qərarlar qəbul etdilər. Bu baxımdan, Prezident İlham Əliyevin "X" platformasındakı hesabında COP29-un nəticələrinə həsr olunmuş paylaşımında qeyd etdiyi kimi COP29 iqlim diplomatiyasında həqiqətən də böyük dönüş nöqtəsidir. 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov  isə “Sherg.az”a açıqlamasında deyib ki, COP bütün insanlığın gələcək taleyinin həll olunduğu mühüm platformadır. Onun sözlərinə görə, Bakı COP-unda qəbul edilən mühüm qərarlar bu platformanın dünya birliyi üçün nə qədər önəmli olduğunu göstərdi: 

“Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün biz mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək: "Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı”.  Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi sözsüz ki, dövlətimizin gücünün, nüfuzunun və uğurlu diplomatiyasının nəticəsidir. 12-13 gün ərzində bir çox fərqli platformalarda görüşlər təşkil olundu, iqlimlə əlaqədar panellərdə qlobal problemlər və onlardan çıxış yolları müzakirə edildi. COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul olundu, İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Və ən əsası isə, Bakı COP-unda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) təsdiqləndi. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə əhəmiyyətli dərəcədə kömək edəcək. 
Bu mənada BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stillin Azərbaycana iqlim maliyyələşdirilməsi sahəsində çətin hədəfə uğurla nail olduğu üçün təşəkkür etməsi heç də təsadüfi deyil. Saymon Still COP29-un yekun plenar sessiyasında bildirib ki, "bu, çətin yol idi, amma biz müəyyən edilən məqsədə çatdıq. Bu yeni maliyyə hədəfi, hər bir ölkəyə artan iqlim təsirləri şəraitində bəşəriyyət üçün sığorta polisidir. Bu qərar bütün ölkələrə iş yerləri yaratmağa, daha sürətli iqtisadi inkişafı təmin etməyə, hamı üçün daha ucuz və təmiz enerjinin əldə olunmasına kömək etməklə təmiz enerji bumunun artmasına kömək edəcək. Bu, iqlim böhranının ön cəbhəsində olanlar, xüsusən də ən həssas olanlar üçün real müdafiə tədbirlərini maliyyələşdirməyə kömək edəcək. COP29 eləcə də karbon bazarları üzrə qlobal razılaşmaya nail olub, bu sahədə onilliklər boyu davam edən gərgin işin nəticəsində, bir neçə əvvəlki COP-un bunu əldə edə bilmədiyi bir dövrü geridə qoydu.
Belə yüksək nəticələr heç şübhəsiz ki, Fransa kimi bədxahlarımızı qıcıqlandırır. Çünki COP29 başlamazdan öncə Makron Fransasının təşviqi ilə bəzi Qərb KİV-də bu tədbirdə heç bir nəticənin əldə olunmayacağı və tədbirin böyük uğursuzluqla nəticələnəcəyi yönündə iddialar tirajlanırdı. Almaniya XİN başçısının Azərbaycana qarşı isterik ittihamları da təsadüfi deyildi”. 

Anti-Azərbaycan qüvvələrin bütün bu gözləntiləri və qərəzli təxminlərinin puç olduğunu vurğulayan politoq deyib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və COP29 Sədrliyinin yüksək təşkilatçılığı COP29-da aparılan müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizədə həqiqətən də ciddi dönüş əldə edilməsində mühüm rol oynadı:
 “COP29-un nəticələrini böyük əminliklə tarixi nəticələr kimi dəyərləndirə bilərik. Dövlət başçısı da "X" hesabındakı sözügedən paylaşımında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi.
COP29-un yüksək səviyyədə baş tutması Azərbaycanın dünyadakı nüfuzunu daha da artırdı. Bakıdakı qlobal İqlim Sammitində iştirak edən ölkələrin liderləri və ekspertləri Azərbaycanın təşkilatçılığını və nəticəyönümlü fəaliyyətini yüksək qiymətləndirir, həlledici qərarların qəbul edilməsində Bakının səylərindən məmnun olduqlarını bildirirlər. Hamı gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi bu tədbirin sonunda yüksək nəticələrin əldə edilməsi üçün gerçəkdən də tam məsuliyyətli və vicdanlı vasitəçi kimi çıxış etdi. Məhz bunun nəticəsidir ki, COP29 qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi, "Bakı dönüşü" kimi iz buraxdı. COP29-un baş tutmasına mane olmağa çalışan, boykot çağırışları edən qüvvələr də bir daha gördülər ki, Azərbaycan COP29 kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyi bacarır. 
Əlbəttə, bundan əvvəlki illərdə də paytaxtımızda bir sıra mühüm beynəlxalq tədbirlər uğurla keçirilmişdi. Lakin bu həcmdə meqa-tədbirə ilk dəfə idi ki, ev sahibliyi edirdik. Bu tədbir ölkəmiz üçün sözün əsl mənasında böyük sınaq idi”.

Ə. Hüseynov hesab edir ki, Azərbaycan bütün dünyaya örnək ola biləcək yüksək təşkilatçılığı ilə öz potensialını, gücünü, liderlik bacarığını nümayiş etdirdi: 
“COP29 əvvəlki COP-lardan nəticəyönümlülüyü ilə, səmərəliliyi ilə yadda qaldı. Ev sahibi və sədr ölkə kimi Azərbaycana göstərilən təzyiqlər və Qərbin aparıcı dövlətlərinin iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışmaq cəhdləri isə heç bir nəticə vermədi. Öz sənaye qazları və kimyəvi tullantıları ilə dünyanı zəhərləyən və qlobal iqlim fəlakətlərinə yol açan Qərb ölkələri 300 milyard dollarlıq iqlim maliyyələşməsi üçün öhdəlik götürməyə məcbur oldular. Bakı COP-u inkişaf etmiş sənaye ölkələrini inkişaf etməkdə olan ölkələr qarşısında məsuliyyətlərini dərk etməyə çağırdı. Beləliklə, iqlim dəyişikliklərinə ən çox zərər vuran inkişaf etmiş Qərb ölkələri iqlim maliyyəsinin ödənilməsindən yayınmağa müvəffəq ola bilmədilər. Bu isə COP29-a sədrlik edən tərəf kimi həqiqətən də ölkəmizin ciddi uğurudur. Azərbaycan iqlim lideri kimi öz iradəsini böyük dövlətlərə qəbul etdirməyi bacardı. COP29 ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artırmaqla yanaşı, onu iqlim dəyişikliklərinə qarşı mübarizədə aparıcı ölkəyə çevirdi. Bakıda keçirilən İqlim Sammiti yüksək həmrəylik və səmərəliliyinə görə ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.

Chosen
10
1
sherg.az

2Sources