EN

Bakının “Qara qitə” siyasətinin şifrələri

Bu qitə ölkələri ilə ticarət dövriyyəsi son bir ildə rekord həddə artıb; Bakı planetin “resurs anbarı”nda öz mövqeyini möhkəmləndirir

Azərbaycanın son 30  ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməyib. Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturanın yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.

Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir.

Azərbaycanın son illər Afrika qitəsi ilə uğurlu əməkdaşlığı diqqət çəkir. Bu qitə ölkələri ilə ticarət dövriyyəsi son bir ildə rekord həddə - 5 dəfə artaraq 2024-cü ilin yanvar-iyul aylarında 248 milyon dollara çatıb. Hazırkı mərhələdə bu nəticə Azərbaycanın karbohidrogenlərinin Tunisə ixracının artması hesabına əldə edilib. Ötən yeddi ayda bu ərəb ölkəsinə 256,4 min ton neft və neft məhsulları tədarük edilib. Nəticədə Tunis Şimali Afrikada Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib.

Bu ilin aprelində Azərbaycan Konqo ilə Congolaise de Raffinage neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi şərtləri haqqında saziş imzalayıb. Afrikanın Aralıq dənizinin əsas ölkələri olan Misir və Əlcəzairlə də əməkdaşlıq artmaqdadır. Mövzuya diqqət edən Haqqın.az saytı  təhlil yazısında qeyd edir ki, bu təvazökar rəqəm çox ciddi perspektivlərə yol açır.

Azərbaycanın Afrika, Şərqi Asiya və Cənubi Amerikanın geniş ərazilərinə daxil olması böyük proqnoz potensialına malikdir. Birincisi, Bakı əslində planetin “resurs anbarı” olan ölkələrdə öz mövqeyini möhkəmləndirir. Böyük qloballaşma dünyasına yenicə qədəm qoyan bu regionlara və ölkələrə təsir etmək üçün çox sərt rəqabət artıq baş verir.

Bir qayda olaraq, “birinci dərəcəli dövlətlər” - ABŞ, Fransa, Böyük Britaniya artıq çoxdan oradadır. Çin də eyni paradiqmada fəaliyyət göstərir, o cümlədən Rusiya da “sovet beynəlmiləlçiliyi” ənənələrinin qalıqlarından istifadə edərək bu regionlara qayıtmağı hədəfləyib.

Azərbaycan bu kimi nəhəng dövlətlərlə Afrikada iqtisadi mövqelərini gücləndirməkdən çəkinmir. Bakının Afrika ölkələri ilə uğurlu əməkdaşlığının əsasları Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qoyulub.

Azərbaycan Avrasiya regionunun bir sıra ölkələri kimi Afrika ölkələri ilə də bir sıra iqtisadi sektorlar üzrə əməkdaşlığı dərinləşdirə bilər. Eyni zamanda xüsusən də Bakının əsas iqtisadi tərəfdaşları - Rusiya, Türkiyə, Çin və Fars körfəzinin ərəb ölkələri artıq Afrikada kifayət qədər fəal olduqları üçün Azərbaycan şirkətləri karbohidrogen yataqlarının işlənməsində və mədən layihələrində iştirak edə bilərlər.

Ekspertlərə görə, Prezident İlham Əliyevin COP29 çərçivəsində Afrika ölkələri liderlərinə olan xüsusi diqqət də bu gələcək əməkdaşlığın perspektivi kimi izah edilməlidir.

gunay

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycanın Afrika ölkələri ilə də yaxın əlaqələr qurduğunu və bunun əhəmiyyətinin çox yüksək olduğunu söylədi: “Afrika geniş coğrafiyası və zəngin yeraltı təbii sərvətləri ilə hər zaman böyük güclər arasında geoiqtisadi mübarizənin mərkəzlərindən biri olub. Qitə üzərində bu gün də Fransa, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə və Rusiya kimi böyük dövlətlər müxtəlif yanaşmalar fonunda hakimiyyət üzərində iddialarını nümayiş etdirirlər. Azərbaycanın da Afrika ölkələri ilə siyasi əlaqələri son illərdə əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Qoşulmama Hərəkatı çərçivəsində qitə dövlətləri ilə dərinləşən münasibətlər, COP29 çərçivəsində yeni inkişaf müstəvisinə keçid etdi. Bu əlaqələr bir sıra sahələrdə, xüsusilə iqtisadi, siyasi və mədəni sferada özünü daha qabarıq şəkildə göstərir. Azərbaycan Afrika ölkələri ilə diplomatik əlaqələrini genişləndirir. Rəsmi Bakı Afrika İttifaqı ilə əməkdaşlığı təşviq edir və BMT başda olmaqla, beynəlxalq təşkilatlarda qitə dövlətlərinin maraqlarını müdafiə edir. Eyni zamanda müxtəlif beynəlxalq platformalarda Afrikanın inkişafına yönəlmiş layihələrdə fəallıq nümayiş etdirir. Bununla yanaşı, rəsmi Bakı Afrika dövlətləri ilə ticari əlaqələrin genişləndirilməsində maraqlı olduğunu göstərərək neft və qaz istehsalı sahəsindəki təcrübəsini bölüşür və energetika sahəsində əməkdaşlığı daha da artırır. Ölkəmiz Afrikada mədəniyyət və təhsil sahəsində mühüm işlər görür, müxtəlif proqramlar vasitəsilə zəngin mədəni irsimizi tanıtmağa çalışır. Bu sahələrdə görülən işlər Azərbaycanla Afrika ölkələri arasındakı münasibətlərin daha da inkişaf etməsinə xidmət edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
46
musavat.com

1Sources