EN

Əsrə bərabər son 21 il - Prezidentin fəaliyyətinin uğur hesabatı... ŞƏRH

Bəli, tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır». Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır». Və sözsüz ki, “domokl qılıncı” kimi başımızın üstünü kəsdirən Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 21 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Və Ali Baş Komandan İlham Əliyev tərəfindən son 21 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi Qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Son ötən 21 illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciət edərək bildirmişdir ki, bu gün Silahlı qüvvələrimizlə fəxr edirik: «Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik».

Ali Baş Komandan İlham Əliyev müraciətində onu da bildirdi ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: «Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir».

Bəli, sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu - güclü dövlət” strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsində bu qələbə qazanıldı. Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Budur, sözü imzası qədər dəyərli olan Lider. Və Ermənistanın alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!: «Heç kim bizi dayandıra bilməz!. Yüz minlik ordunu kim dayandıra bilər?... Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!». Çünki bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil: «Əminliklə deyə bilərik ki, həyata keçirilən hərbi islahatlar nəticəsində Azərbaycan Ordusu qüdrətini daha da artıracaq, tam modern hərbi gücə çevriləcək. Və nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir».

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.»

Qeyd edək ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra Azərbaycan onun əldə etdiyi uğurları gözü götürməyən bəzi qüvvələrin təzyiqlərinə məruz qalıb. Lakin, qalib dövlət olan Azərbaycanın siyasi və iqtisadi baxımdan qüdrətlənməsi regionla bağlı məkrli niyyətlərin həyata keçirilməsinin qarşısını alan sipərə çevrilib. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi tanınır.

Eyni zamanda, bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur. Aydındır ki, COP29-a ev sahibliyi edən ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də məhz ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Noyabr ayının 11-22 tarixlərində paytaxt Bakıda keçirilən COP – 29 öz fəaliyyətini böyük uğurla başa çatdırdı. Azərbaycanın ev sahibliyi etdiyi COP29 – İqlim Dəyişiklikləri üzrə Birləşmiş Millətlər Konfransı, iqlim diplomatiyasında əlamətdar bir dönüş nöqtəsi kimi tarixə düşdü. “Yaşıl dünya naminə həmrəylik”şüarı altında keçirilən bu tədbir, həm təşkilatçılıq, həm də əldə olunan nəticələr baxımından beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar həyata keçirərək COP29 – u tarixdə ən möhtəşəm iqlim konfranslarından biri kimi yaddaşlara həkk etdi. Tədbirdə iştirak edən qonaqlar, Azərbaycanın qərəzsiz və inklüziv mövqeyini, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamasını da yüksək qiymətləndirdilər.

Bir sözlə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həm də qlobal iqlim diplomatiyasında yeni bir dövr açdı. Bu tədbir iqlim böhranının həllində tərəflərin daha fəal əməkdaşlıq etməsinə şərait yaratdı. Beləliklə də, Bakı konfransı, yalnız bugünkü problemlərin həlli üçün deyil, gələcək nəsillər üçün də yaşıl və dayanıqlı bir dünyanın qurulmasında önəmli bir addım oldu. Bu uğur Azərbaycanın iqlim lideri kimi beynəlxalq səviyyədə mövqeyini daha da möhkəmləndirdi və ölkənin qlobal problemlərin həllində konstruktiv rolunu bir daha nümayiş etdirdi.

Göründüyü kimi, bu gün sirr deyil ki, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Və bu gün haqlı və güclü Azərbaycan beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda əzmlə çalışır və Güclü Liderlə yeni uğurlara doğru addımlayır, yolun açıq olsun, Azərbaycan!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Chosen
7
sesqazeti.az

1Sources