EN

“Bu, son 20 ilin ən uğurlu COP sammiti oldu” - AÇIQLAMA

“COP29 çox böyük nailiyyət, Azərbaycan diplomatiyasının, siyasi iradəsinin böyük uğurudur. 190-dan çox ölkəni bir ortaq məxrəcə, razılığa gətirmək 9 aylıq intensiv danışıqların, səmərəli işlərin nəticəsidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

 

Deputat vurğulayıb ki, Azərbaycan balaca ölkə olmasına baxmayaraq qlobal liderləri, böyük blokları, inkişaf etmiş və inkişafda olan ölkələri bir araya gətirdi: “Xüsusilə ada ölkələrini, Afrika ölkələrini bir araya gətirmək və onların səsini müdafiə etmək, onlar üçün ildə 300 milyard büdcə təsdiqlətmək böyük uğurdur. O cümlədən İtki və Zərər Fondunun yaradılması, eyni zamanda, 10 ildən çox müddətdir təsdiqlənə bilməyən Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması, onun mexanizminin tərtibatı, təsdiqi də böyük nailiyyətdir. Bu, qlobal bazarlarda karbon kvotalarının satılıb-alınmasına və dəyişdirilməsinə imkan yaradır. Bu da özlüyündə yaşıl iqtisadiyyatın, yaşıl energetikanın inkişafına səbəb olacaq, təkan verəcək. Yəni toplam olaraq bu kimi məsələlər yönündə COP29 sammitində Azərbaycan çox böyük irəliləyiş əldə etdi. Bu, bəlkə də son 20 ilin ən uğurlu COP sammiti oldu. Onu da qeyd edim ki, Azərbaycan bu tədbiri öz diplomatik təcrübəsi, bacarığı ilə ortaya qoydu və nail oldu. Çünki biz bundan öncə bir neçə beynəlxalq təşkilatda, o cümlədən Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında sədrlik vəzifəsində olmuşuq və o da bizə böyük bir diplomatik təcrübə verib. Eyni zamanda, bütün bu böyük işlər Prezident İlham Əliyevin siyasi iradəsinin və vizyonunun nəticəsidir”.

Chosen
24
sfera.az

1Sources