EN

Həbsdə olan tədqiqatçının filmi “Ən yaxşı filmlər”in siyahısında

Film bu dəfə "Prisma Awards”ın siyahısında yer alıb

Azərbaycanda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər” filmi daha bir beynəlxalq kinofestivalda "Ən yaxşı filmlər”in siyahısına daxil edilib.

Film bu dəfə Roma Müstəqil Film Mükafatı "Prisma Awards”ın oktyabrın "Ən yaxşı filmləri” sırasında olub.

2018-ci ildə təsis edilmiş "Prisma Awards” müstəqil kinonu təbliğ edən beynəlxalq platformadır.

Hər ay İtaliyanın paytaxtı Romada müsabiqələr keçirilir və ən yaxşı filmlər tarixi "Cinema Farnese” kinoteatrında illik mərasimə qatılmaq imkanı qazanır.

Festival dünyanın hər yerindən istedadları üzə çıxarmaqla məşhurdur və ""Prisma Awards”da nümayiş etdirilən bir çox film sonradan "Kann” və "Sandens” kimi nüfuzlu festivallarda tanınır.

Süni intellekt mövzusuna həsr olunan "Fraqmentlər” adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib.

Film aşiq olan iki androidin hekayəsindən bəhs edir.

"Fraqmentlər” 2024-cü il noyabrın əvvəlində İtaliyada "Monza” beynəlxalq kino festivalında "Ən yaxşı elmi-fantastik film” nominasiyasında mükafat qazanıb.

Noyabrın ortalarında isə "Madrid Indie Film Festivalı”nda (MADRİFF) nümayiş olunub.

Filmin festivalda təqdimatını İqbal Əbilovun qohumu, yumorist İdrak Mirzəlizadə edib.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.

O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.
Chosen
30
2
arqument.az

10Sources