EN

"Gürcü arzusu" prezident postuna keçmiş futbolçunun namizədliyini irəli sürüb

"Kavelaşvili tez-tez Qərbi tənqid edib, Gürcüstanın Avropaya inteqrasiya olunmasının əleyhinə çıxıb..."
 
"Gürcü arzusu" partiyası ölkə prezidenti postuna keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
 
Moderator.az xəbər verir ki, bu barədə partiyanın sədri Bidzina İvanişvili bəyan edib. Məlumatı "svoboda.com" nəşri yayıb.
 
"Mixail Kavelaşvilinin xüsusi təqdimata ehtiyacı yoxdur. Bir çox illər ərzində o, uğurlu futbolçu kimi Gürcüstanın şərəfini qoruyub. Mişa futbol üzrə Gürcüstan yığmasının təcrübəli üzvü olub. O, bir çox ölkələrin çoxqat çempionu olub. O, təbiətcə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl həyat yoldaşı və dörd övlad atasıdır", - o, deyib.
 
Məlumatda deyilir ki, "Gürcü arzusu" partiyası prezident seçkilərini dekabrın 14-nə təyin edib. Qeyd edilir ki, Salome Zurabişvili birbaşa səsvermə yolu ilə seçilmış son prezident olacaq. Bu dəfə seçicilər kollegiyası 5 il müddətinə ölkənin yeni liderini seçəcək.
 
Nəşr qeyd edib ki, kollegiyanın tərkibinə Gürcüstan parlamenti, tanınmamış Abxaziya Ali Şurası, Acariya Ali Şurasının üzvləri və bələdiyyə şuralarının 109 üzvü daxildir. 
 
Prezidentin seçilməsi üçün 200 səs toplamaq lazımdır. Namizədlərdən heç biri lazımi sayda səs toplaya bilməsə, iki ən yaxşı nəticələri olan namizədin iştirakı ilə ikinci tur keçiriləcək.
 
Mixail Kavelaşvili haqqında bəlli olanlar
 
Mixail Kavelaşvili keçmişdə tanınmış futbolçu olub. O, öz karyerasına 1987-ci ildə Tbilisinin "Lokomotiv" komandasında başlayıb, sonra "Dinamo Tbilisi"yə keçib.
 
1995-ci ildə o, Rusiyanın "Spartak-Alaniya" klubuna qoşulub, daha bir il sonra Britaniyanın "Mançester Siti" komandasına keçib. Sonradan o, İsveçrənin bir neçə klublarının tərkibində oynayıb.
 
2016-cı ildə Kavelaşvili hakim "Gürcü arzusu" partiyasından Gürcüstan parlamentinə seçilib. Jurnalistlər qeyd edir ki, o, tez-tez Qərbi tənqid edib və Gürcüstanın Avropaya inteqrasiya olunmasının əleyhinə çıxıb.
 
Gürcüstanda seçkilər-mühüm xəbərlər
 
Xəbər verildiyi kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Rusiyayönümlü hakim "Gürcü arzusu" partiyası səslərin 54, 23 faizini toplayaraq qalib gəlib.
 
Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, parlament seçkilərinin nəticələrini tanımır. O, hesab edir ki, Rusiya ölkədə nüfuzunu genişləndirmək üçün seçkilərin nəticələrinə təsir edib.
 
Seçkilərin nəticələri gürcü müxalifətçilərində narazılıq yaradıb. Onlar Tbilisidə Rustaveli prospektində etiraz aksiyalarına çıxıb, lakin bir saatdan sonra dağılışıb.
 
Müxalifətin bir hissəsi parlamentdə mandatlarından imtina edib. Noyabrın 15-də Gürcüstanda tələbələrin etirazları başlayıb, noyabrın 17-də onlar Tbilisinin mərkəzində çadır şəhərciyi quraşdırıb. Noyabrın 19-da polis güc tətbiq edərək onu dağıdıb, 16 nəfər saxlanılıb.
Chosen
38
moderator.az

1Sources