Türkiyənin Samsun şəhərində hamsi balığının tullantılarından istifadə edilərək, torpaqsız əkinçilik üsulu ilə qızılgül yetişdirilib.
hakimiyyet.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə layihənin müəllifi, Ondokuz May Universitetinin Ziraat fakültəsinin Bağçılıq bölümünün mütəxəssisi Mehmet Tütüncü məlumat verib.
Tütüncü bildirib ki, balıq tullantılarından kənd təsərrüfatında istifadə etmək üçün iki il əvvəl işlərə başlanılıb. Müəssisələrdən əldə edilən tullantılar kimyəvi proseslərlə amin turşularına çevrilib və bu amin turşularından istifadə edilərək qızılgüllər yetişdirilib.
"Bu, TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) tərəfindən dəstəklənən bir layihədir. Hamsi tullantılarından günümüzdə bioaktivator və ya biostimulyator adlanan məhsul hazırladıq. Bu məhsulu torpaqsız kənd təsərrüfatında, Hindistan qozu torfunda yetişdirilən qızılgüllərə tətbiq edərək böyümə parametrlərinə təsirini öyrənirik. Layihənin üçüncü ilindəyik. Hər il müntəzəm olaraq qızılgüllər yığılır və hazırladığımız məhsulun təsiri analiz edilir.
Əslində balıqlar qədim dövrlərdən gübrə və bitkiləri qidalandırmaq üçün istifadə olunub. Ancaq bu gün biz yerli və lokal məhsul olan hamsi tullantılarını yeni texnologiyalarla birləşdirərək, bitkilərin gübrələnməsini dəstəkləyən məhsul hazırlamışıq.
Sınaq və analizlərdən sonra bu məhsulu yaxın gələcəkdə kommersiyalaşdırmağı hədəfləyirik" , - deyə Mehmet Tütüncü vurğulayıb.
Türkiyədə məşhur balıqdan qızılgül yetişdirildi