EN

Diqqət! Təhsil eksperti valideynlərə çağırış etdi - "Tam məsuliyyət daşıyırsınız"

"Uşaqlarımızın gələcəyini təhlükəyə atan sosial şəbəkələr və nəzarətsiz telefon istifadəsi artıq ciddi bir problem olmaqdan çıxıb, böhran səviyyəsinə çatıb. Məktəblərdə dərs zamanı telefon istifadəsi qəti qadağan edilməlidir, çünki bu, yalnız təhsil prosesini pozmur, həm də şagirdlərin zərərli məzmunlarla qarşılaşmasına şərait yaradır. Sosial şəbəkələrdə yayılan mənəviyyatsızlıq, zorakılıq və pis vərdişlər təəssüf ki, gənc nəsli təsir altına alır".

Sitat.info xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, valideynlər bu məsələdə tam məsuliyyət daşıyır: "Sosial şəbəkələrə nəzarət etmək, hətta tam qadağa tətbiq etmək artıq zərurətə çevrilib. “Övladım bilər, özü qərar verər” yanaşması məsuliyyətsizlikdir və fəsadları ailələr üçün böyük itkilərə səbəb ola bilər. Uşaqların nə izlədiyi, kimlərlə ünsiyyətdə olduğu diqqətlə izlənməli və təhlükəli məzmunlardan uzaq tutulmalıdır".

Təhsil eksperti hesab edir ki, bu məsələ ilə bağlı səhlənkarlıq gələcəyimizi təhlükəyə atır: "Əgər bu gün valideynlər və müəllimlər birlikdə hərəkət etməzsə, sabah nə cəmiyyətimizdə sağlam düşüncəli, nə də mənəvi dəyərlərə sahib bir nəsil yetişdirə biləcəyik. Gəlin, məsuliyyətdən qaçmayaq. Telefon və sosial şəbəkələr uşaqlarımızı yox, biz onları idarə etməliyik!".

Nigar,

Sitat.info

 

Chosen
20
sitat.info

1Sources