EN

“Qarabağ” Lion “Olimpik”i ilə üz-üzə

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində 5-ci oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gələcək.

Fransa təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesablarıyla məğlub olub. Qurban Qurbanovun kollektivi ardıcıl 3 məğlubiyyətdən sonra səfərdə “Bodo Qlimt”ə (Norveç) 2:1 hesabıyla qalib gəlib. Bu nəticədən sonra təmsilçimiz 3 xalla 29-cu pillədə qərarlaşıb.

Lion “Olimpik”i isə evdə “Olimpiakos”a (Yunanıstan) 2:0, səfərdə “Reyncers”ə (Şotlandiya) 4:1 hesabıyla qalib gəlib. “Beşiktaş”la (Türkiyə) ev oyununda 0:1 hesabıyla uduzmuş Fransa təmsilçisi ötən tur da “Hoffenhaym”la (Almaniya) bərabərə qalıb – 2:2. “Olimpik” hazırda 7 xalla 9-cu pillədədir.

Lion təmsilçisi avrokuboklarda ilk dəfə Ağdam klubuna rəqib olur. Lakin Azərbaycan və Fransa klubları indiyədək 14 dəfə üz-üzə gəliblər. Bugünkü matç sayca 15-ci belə duel olacaq. İndiyədək Azərbaycan və Fransa klublarının yolları 7 dəfə kəsişib. Bu duellər çərçivəsindəki 14 qarşılaşmada təmsilçilərimiz 2 qələbə qazanıblar. Fransa komandalarının hesabında 8 qalibiyyət var. Digər 4 görüşdə qalib müəyyənləşməyib. 10 qol vuran komandalarımız 24 qola üzülüblər.

Bu 14 oyundan 10-u “Qarabağ”ın iştirakı ilə baş tutub. Bir qələbə və 3 heç-heçəsi olan çempionumuz 6 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 7 qol vuran futbolçularımız 20 top buraxıblar.

Avropa Liqası
Liqa mərhələsi, 5-ci tur
28 noyabr

21:45. “Qarabağ” – “Olimpik” (Lion)
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Boşko Bojoviç, Milan Mitiç
VAR: Momçilo Markoviç
AVAR: Novak Simoviç (Hakimlər briqadası Serbiyadandır).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Chosen
64
arena.az

1Sources