“Milliyə özünü tankın altına atanlar lazımdı, dovşan kimi oynayanlar yox. Mən həmişə futbolda da, futzalda da bu prinsiplə işləmişəm”.
Bu fikirlər Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının rəhbəri Zaur Axundova aiddi. Elə bu ifadələr də:
“Futbolçu can qoymalıdı. Uduzanda da kişi kimi uduzmaq lazımdı, dovşan kimi yox. Bu oyunçular can qoymurlar, bilmirəm niyə”.
Göründüyü kimi, düşüncələrin ortaq cəhəti, sadəcə, müəllifin kimliyi ilə yox, həm də işlədilən sözlərlə, dəqiq desək, millimizin dovşana bənzədilməsiylə bağlıdı. Axundov ilk ifadələri ötən ilin mayında “sport24.az”a, ikinciləri isə bir neçə gün əvvəl “sportal.az”a müsahibəsində işlədib. Deməli, geridə qalan 18 ay ərzində Zaur bəyə deyən olmayıb ki, milli komandanı aşağılamaq azı qeyri-etik davranışdı. Beləcə iki federasiyanın rəhbəri olan funksioner ikinci dəfə eyni səhvə yol verməyə cəsarət edib. Bəlkə gələn il də belə biabırçı sözlər təkrarlanacaq.
Zaur Axundov Azərbaycan futbolunun tanınan simasıdı. Nüfuzlu şəxsdi. İllərini ölkənin futbol təsərrüfatında keçirib, müxtəlif yüksək vəzifələrdə çalışıb və çalışır. Düz etmir, amma yaxşı edir. Azərbaycan futbolu böyük və ləzzətli tortdu. Hərə əlinə qaşıq alıb bir tikə qoparmağa çalışır. Nəzarətsizlikdi. Halbuki bu sahəyə nəinki nəzarət, “nəzarətə nəzarət” sistemi tətbiq edilməlidi. Bu öz yerində. Dedim axı, Zaur Axundov tanınır, nüfuzu var-filan. Deməli, həm də ictimai rəyə təsir qüvvəsinə malikdi. Ölkədə hamı futbol mütəxəssisi deyil ki, ağla qaranı ayırsın. Axundovun indiyə qədər ölkə futbolunda ciddi uğur qazanmadığını, Futzal Federasiyasının gündən-günə gerilədiyini, elə futzal millimizin də illərdi uğura həsrət qaldığını bilsin və Axundovun fikirlərini “ələsin”.
Onsuz da əksəriyyət yığmanın “ətini yeyir”. Azarkeşlər sosial şəbəkələrdə gah təhqir, gah tənqid edir. Sözügedən futbol adamı isə odun üstünə benzin tökür. Beləcə sabah millimiz “doğma divarlar” arasında boş tribunalar önündə meydana çıxmalı olur. “Araz-Naxçıvan” kimi...
Yığmamızdan əl çəkin! Vallah, olanımız budu. İnanmırsız? Bəs niyə bu gün qadınlardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə 0:8 hesabıyla uduzdu?Hörmətli Zaur Axundov, bu, sizə nəsə demir? Bəlkə söhbət kişi kimi oynamamaqdan, dovşan kimi davranmaqdan yox, infrastrukturdan, futbolun təbliğindən, təcrübəli mütəxəssislərin sayından, maliyyə resurslarının doğru istiqamətlərdə xərclənməsindən, uşaq və qadın futbolunun inkişafından, rəhbərlikdə futbolu sevən, ona yetərincə vaxt ayıra biləcək şəxslərin təmsil olunmasından getməlidi?
Hə, bir də klublar milliyə göndərilən futbolçulara motivasiya verməliymiş. Amma “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov şəxsiyyət vəsiqəsinin vaxtı bitmək üzrə olduğuna görə yığmamıza İsveçlə matçda kömək edə bilməyən Mustafa Əhmədzadəni millinin düşərgəsinə göndərməklə kifayətlənib...
KƏNAN BAHADIR