EN

Putini tənqid etdiyinə görə 5 illik cəza kəsilən məktəbli karserə salındı...

Moskvanın 5 saylı istintaq təcridxanasının əməkdaşları terror təşkilatında iştirakda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilən 16 yaşlı məktəbli Arseni Turbini 7 sutkalıq  karserə - təkadamlıq cəzaçəkmə kamerasına salıblar.
 
Moderator.az bu haqda "Meduza" nəşrinə istinadla xəbər verir.
 
Yeniyetmənin anası İrina Turbinanın "Memorial"a verdiyi məlumata görə, bu, noyabrın 21-də baş verib. Oğlu yetkinlik yaşına çatmayanlar üçün maksimum yeddi gün müddəti nəzərdə tutulan cəza kamerasına göndərilib. Cəzanın rəsmi səbəbi Turbinin işıqlar sönəndən sonra kamera yoldaşları ilə danışması olub. Onunla birlikdə daha bir məhbus da karserə göndərilib.
 
Bundan əvvəl də Turbin kamera yoldaşı ilə münaqişə zəminində sentyabrın 23-dən 30-dək 5 saylı İstintaq Təcridxanasının cəzaçəkmə kamerasına göndərilib. Oktyabr ayında anası Arseninin həbsxanada 17 kiloqram arıqladığını söyləyib.
 
“Biz qorxuruq ki, Arseniyə qarşı təxribatlar ola bilər ki, bu da onun taleyini çətinləşdirə bilər. Son vaxtlar o, daha da çox arıqlayıb”, – "Memorial" yazır. Təşkilat Turbini siyasi məhbus hesab edir.
 
2024-cü ilin iyununda 2-ci Qərb Dairə Hərbi Məhkəməsi o zaman 15 yaşında olan Arseni Turbini guya terror təşkilatında iştirak ittihamı ilə beş il müddətinə təhsil koloniyasına məhkum etdi. İttiham tərəfinin dediyinə görə, o, Ukraynada işğalçı Putin ordusuna qarşı döyüşən taborları da olan “Rusiyanın Azadlığı” legionuna qoşulub və onun nümayəndəsinin göstərişi ilə poçt qutuları vasitəsilə Vladimir Putini tənqid edən vərəqələr paylayıb. Məktəbli legiona qoşulmadığını israrla bildirib, ancaq vərəqələri şəxsi əqidəsinə görə yaydığını etiraf edib. Noyabrın əvvəlində Hərbi Apellyasiya Məhkəməsi Arseni Turbinin həbs müddətini 24 gün azaldaraq hökmü qüvvədə saxlayıb.
 
Qeyd edək ki,  Rusiya Federasiyasında məktəblinin dövlətə xəyanətdə mühakimə olunması ilə bağlı ilk hadisə 2023-cü ilin dekabrında Krasnodar diyarının Adıgey respublikasında baş verib. Respublikanın paytaxtı Maykop şəhər sakini olan 18 yaşı məktəbli Kevin Lik respublika Ali Məhkəməsi tərəfindən "dövlətə xəyanət"də ittiham olunaraq  4 il həbs cəzasına məhkum edib. O, 2024-cü ilin avqustunda Moskva və Qərb arasındakı məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.
 
S.Laçın
 
Chosen
36
moderator.az

1Sources