EN

Azərbaycanda “cırtdanailələr” sürətlə artır

Dünyada çoxuşaqlı olmaq üstünlükdür, bizdə problem

Azərbaycanda çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların artması narahatlıq doğuran tendensiyalardandır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulması ilə bağlıdır. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir". 

Nəticələrdə eyni zamanda qeyd edilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının seleksiya abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkəmiz “dünya 1-cisi” olmağa doğru gedir. 

Azərbaycanda doğulan uşaqların sayının çoxalması, əhalinin maskulinizasiyası tendensiyasının dəyişməyəcəyi təqdirdə “demoqrafik maskulinizasiya” kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Nəticədə genefondun dəyişməsi baş verə bilər. Ən optimist ssenariyə görə, 2050-ci ilə qədər mövcud vəziyyəti - cinslərarası balansı dəyişmək mümkün olmayacaq.  

Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilmişdi. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat  verilir.

Rəqəmlər isə onu deməyə əsas verir ki, bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil. Buradan belə bir nəticə çıxır ki, Azərbaycanda üç və daha çox uşağı olan ailələr də az deyil.

Ailələrdə

Əvvəl təkuşaqlı ailələr az idi, indi üçuşaqlı ailələr 

Tək uşaq olmanın həm üstünlükləri, həm də mənfi cəhətləri mövcuddur. Mütəxəssislər hesab edir ki, tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədiyi üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilər. Lakin ümumilikdə, tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyil. Əslində uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Ekspertlər isə hesab edir ki, hazırda ailələrdə uşaq sayının az olmasının əsas səbəblərindən biri boşanma hallarının çoxalmasıdır. Bu hal isə bir növ ailələrin sığortalanmamasından irəli gəlir. Elə olur ki, bəzi ailələr təsadüf nəticəsində qurulur. 15 gün tanıdığı biri ilə ailə qurmaq qərarına gələnlər var. Nəticədə evlilik daxilində problemlər yaranır və tərəflər boşanmağa qərar verirlər. Bu isə son nəticədə doğulan uşaqların sayına təsir göstərir. Əslində demoqrafik təhlükə hər zaman gözlənilir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədər idi. Azuşaqlı ailələr demək olar ki, tək-tük idi. İndi isə bu əksinədir. Ailələr bir, ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Artıq üçuşaqlı ailələri çoxuşaqlı ailə kimi qəbul edirik. Bu mənada demoqrafik risklər mövcuddur. Problemin həlli üçün ailə modelinin üzərində işləmək lazımdır. Ailə davamlı olmalıdır ki, dünyaya gələn uşaqlar da bir növ sığortalanmış olsun. Doğulan uşaqların sayının azalmasının digər bir səbəbi isə sosial rifahla bağlıdır. Ailələrin sosial təminatı nə qədər güclü olarsa, çoxuşaqlı ailələrin sayı bir o qədər artar. 

Ailəsində çox uşağı olanlar üçün ən sərfəli şərtlər Fransadadır. Burada hətta uşaq dünyaya gəlməmiş anası doğulacaq övladına görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağının doğulmağını gözləyən anaya 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən hər ay 975 avro pul alır. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə dövlət ailəyə əlavə 870 avro ödəyir.

Rusiyada bir uşaq üçün aylıq müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi də artır. Bundan əlavə, 3-cü uşaqdan sonra ailəyə ev və sair daşınmaz əmlak da verilir.

Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar birdəfəlik müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay və ya sonrakı uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Avstriyada birinci uşağa 10 yaşına qədər ayda 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir.

İsrail dövləti birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

SEVINC

Chosen
21
3
musavat.com

4Sources