EN

Böyük yanğınlarla əlaqədar ekoloji cinayətləri bu səbəbdən araşdırmaq olmur – hüquqşünas açıqladı

Azərbaycanda qlobal iqlim dəyişikliyinə həsr olunan COP29 beynəlxalq tədbiri keçirildi və uğurla yekunlaşdı. Burada bir çox mövzulara toxunuldu, müzakirələr aparıldı. Onlardan biri də təbiətin, havanın çirkləndirilməsi məsələsi idi. Bununla bağlı istehsalçı qurumlar bir çox ödəliklər götürdülər. Amma havanın çirkləndirilməsi yalnız istehsal prosesində baş vermir, dəfələrlə şahidi olduğumuz fabrik, zavod və sexlərdə baş verən güclü yanğınlarda havaya qalxan qara tüstülər bizim aldığımız tənəffüsdə “zəhər”əçevrilir. COP29 ərəfəsində bu məsələyə qlobal və yerli səviyyədə reaksiya verilib və rəsmilər yanğınlar zamanı havaya atılan çirkli tullantıların qarşısının alınması üçün addımlar atılmalı olduğunu bildirib. BMT-nin baş katibi Antonio Quterreş sentyabrın sonunda BMT-də çıxışı zamanı bildirmişdi ki, dünya iqlim fəlakətinin astanasındadır: “Yer kürəsi ekstremal temperatur, irimiqyaslı yanğınlar, quraqlıq və misli görünməmiş daşqınlar dövrünü yaşayır. Bunlar təbii fəlakətlər deyil, daha çox mədən yanacaqlarının istifadəsi səbəbindən baş verən antropogen qəzalardır. Bu problem heç bir dövlətdən yan keçməyib”.

Azərbaycanda da Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov bildirmişdi ki, iqlim dəyişliyiilə mübarizə və ətraf mühitin qorunması istiqamətində hüquq tənzimləyici alətdir.

İnam Kərimov sentyabrın 6-da Bakıda keçirilən “Hüquq və iqlim” (Law and climate) beynəlxalq konfransda bildirib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir:

“Bu dəyişiklərin fəsadları eyni zamanda hüquqdan da yan keçmir. Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına da səbəb olur. Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Beynəlxalq hüquq təkcə dövlətlərdən deyil, həmçinin şirkətlərdən iqlimə təsirlərinə görə cavabdeh olmağı və iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərində məsuliyyətlə iştirak etməyi tələb edir”.

İnam Kərimov qeyd edib ki, hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır:

“Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir”.
Yanğın məsələləri üzrə ekspert, hüquqşünas Tural Şükürov musavat.com-a deyib ki, Azərbaycanda yanğınlar zamanı havaya atılan tullantılarla bağlı istintaq və məhkəmə orqanlarının yanaşmaları hadisələrin hərtərəfli araşdırılamasına imkan imkan vermir:

“Azərbaycanda ən mübahisəli məhkəmə işləri sırasında yanğın hadisələri ilə bağlı olanlar xüsusi yer tutur. Belə ki, bu sahədə vahid məhkəmə praktikası olmadığı üçün bəzən məhkəmələr texniki sənədləri, ekspert rəyləri və şahidlərin fikirlərini nəzərə almadan qərar verə bilirlər. İrimiqyaslı yanğınlarda təqsirli şəxslər ekoloji, inzibati, mülki və cinayət məsuliyətindən yayınmış olurlar. İrimiqyaslı yanğınlarda ticarət və qeyri ticarət müssəsilələrinin səlahiyyətli şəxsləri məsuliyyətdən yayınmış olurlar. Nadir hallarda hansısı texniki fəhlə və s. səlahiyyətsiz işçilər məsuliyyətə cəlb edilir”.

Hüquqşünas Tural Şükürov qeyd edib ki, qüvvədən düşmüş SSRİ Ali Məhkəməsi Plenumunun “Məhkəmələrin yanğınlara dair tətbiqi təcrübəsi haqqında” 1989-cü il 2 mart tarixli qərarında vahid məhkəmə təcrübəsi mövcud olub:

“Qərar SSRİ məkanında fəaliyyət göstərən məhkəmə və istintaq orqanlarına yanğın hadisələrinin araşdırılması ilə bağlı xüsusi istiqamət verirdi. Lakin qərar müstəqilliyimizin bərpasından sonra qüvvədən düşüb və bundan sonra hər hansı təcrübə formalaşmayıb. Hazırda yanğın hadisələrinə görə aparılan cinayət təqiblərində və qaldırılan məhkəmə işlərində hakimlərin ekspert rəylərinə və s. sübutlara əsaslanmaması ədalətli qərar çıxarılmasına maneə olur. Bu günə kimi çoxlu sayda irimiqyaslı yanğın hadisələri baş verib və ekoloji baxımdan məsuliyyətə cəlb edilən olmayıb”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
14
musavat.com

1Sources