EN

Azərbaycan iqlim danışıqlarında tarixi nəticələrə müvəffəq oldu

Azərbaycan növbəti uğuru ilə diqqətdədir. Dünyanı Azərbaycana toplayan COP29 yüksək səviyyədə təşkili, uğurlu nəticələri ilə möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında bu reallıqları bir daha diqqətə çatdırdı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilər. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Nəzərə alaq ki, rahat, hamının həmrəy olduğu ümumi məsələlərin müzakirəsi getmirdi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.
Cənab İlham Əliyev sosial şəbəkə hesablarında COP29-un uğurlu nəticələri ilə bağlı paylaşım etdi. Bu paylaşım tədbirin uğurlarının, Azərbaycana qazandıracaq iqtisadi və siyasi dividendlərin təqdimatı oldu. Bir daha vurğulandı ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər.
Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Belə ki, Azərbaycan karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Cənab İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək onu da qeyd etdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.
80 dövlət başçısının, eləcə də hökumət rəhbərlərinin və vitse-prezidentlərin iştirak etdikləri Sammitin məqsədi dünya birliyini planetimizin gələcəyi üçün təhlükə olan ekosistemin qorunması naminə birləşdirmək, beynəlxalq həmrəyliyi gücləndirmək idi. Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi, bugünədək qazandığı uğurlara söykənərək əldə etdiyi nəticələr COP29-un fərqliliyini şərtləndirdi. Bu tədbir növbəti COP-lara stimul olacaq.
Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşılırdı. Onlar yanıldılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər. İştirakçıların rəylərində bu fikirlər xüsusi yer aldı ki, “Bakı irəliləyişi” qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək. Bakı Maliyyə Məqsədinin uğurlu razılığı COP29 Sədrliyinin təmin etdiyi nailiyyətlərin bir hissəsidir.
COP29 Sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP Sədrlikləri və Tərəfləri bir araya gətirdi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Çoxtərəfli İnkişaf Bankları 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard dollar töhfə verməyi, bunun 120 milyard dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar.
Tədbirdə əməkdaşlıq və sülhün qlobal iqlim fəaliyyəti üçün ayrılmaz rolu vurğulandı. COP Atəşkəs Çağırışı 132 ölkə və 1200-dən çox təşkilatın dəstəyini qazandı, habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı qəbul edildi. Bu təşəbbüs, iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyacların təcili əlaqələrini həll etmək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini yaradacaq.
İki həftə müddətində əldə olunan uğurlu nəticələrin miqyası olduqca genişdir. COP29 iqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı oldu. Azərbaycanın yüksək peşəkarlığı və fədakarlığı sayəsində əldə olunan uğurlu nəticələr bütün gözləntilərin təsdiqi oldu. Ölkəmiz iqlim diplomatiyası tarixinə adını yazdı. COP29 qlobal problemlərin həllində əsas faktor olan beynəlxalq həmrəyliyin gücləndirilməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açdı.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Chosen
19
2
sesqazeti.az

10Sources