Fransa əhalisinin əksəriyyəti Ukraynaya qoşun göndərilməsinin əleyhinədir.
Hafta.az xəbər verir ki, bunu “Le Journal du Dimanche” qəzetinin sifarişi ilə CSA sosioloji xidmətinin keçirdiyi rəy sorğusunun yekunları göstərib. Respondentlərin 68 faizi Ukraynaya qoşun göndərilməsinin əleyhinə olduğunu, 31 faizi isə bu fikri dəstəklədiyini bildirib.
Sorğunun nəticələrinə görə, Fransadakı bütün siyasi qüvvələrin tərəfdarları Ukraynaya hərbi müdaxiləyə qarşı çıxıblar. Lakin bu ideyanı rədd edənlərin ən çoxu (84 faizi) sağçı partiyaların, xüsusən də Milli Birlik Partiyasının tərəfdarları arasında müşahidə olunur.
Noyabrın 26-27-də keçirilmiş sorğuda yaşı 18-dən yuxarı olan 1010 nəfər Fransa vətəndaşı iştirak edib.
“Le Monde” qəzetinin yazdığına görə, Fransa rəhbərliyi və Müdafiə Nazirliyi Ukraynaya qoşun və ya özəl müdafiə şirkətlərindən döyüşçülər göndərilməsinə hələlik icazə verməsə də, təklif bir neçə aydır müzakirə olunur.