EN

Rusiyanın YENİ TƏHDİDLƏRİ: “Tramp gələnə qədər…”

“Rusiya-Ukrayna müharibəsindəki proseslərin bu mərhələyə çatmasında Baydenin prezidentlik dönəmində reallaşdırmaq istədiyi strategiya dayanırdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Ukrayna müharibəsindəki proseslərin gərginləşməsindən söz açıb.

Onun sözlərinə gör, Bayden seçkiləri uduzandan sonra bəlli idi ki, Tramp Ukrayna məsələsi ilə bağlı seçkiöncəsi vədini yerinə yetirib Kiyevə maliyyə dəstəyini azaldacaq:

“Çünki Trampın strategiyası tamamilə fərqlidir. Tramp hesab edir ki, Bayden Ukrayna savaşına rəvac verməklə, əslində, ABŞ-nin maraqlarına zərbə vurdu. Ona görə ki, ABŞ-nin ən böyük rəqibləri – Rusiya ilə Çin yaxınlaşdı, iqtisadi-hərbi sahələrdə müqavilələr imzaladılar, eyni zamanda, Rusiya KXDR və İranla da yaxınlaşdı. Dolayısı ilə ABŞ-yə qarşı Rusiya-Çin-İran-KXDR ittifaqı yarandı”.

Analitikin fikrincə, Tramp isə fərqli siyasət yürüdərək bildirirdi ki, Rusiya ilə münasibətləri gərginləşdirməməklə Çin və İrana qarşı iqtisadi zəmində mübarizəni aparmaq daha məqsədəuyğundur:

“Bəlli idi ki, Tramp bu strategiyanı həyata keçirəcək. Məhz Bayden də Rusiyanın dərinliklərinin Ukrayna tərəfindən uzaqmənzilli Qərb raketləri ilə vurulmasına ona görə icazə verdi ki, Tramp səlahiyyətlərinin icrasına başlayana qədər vəziyyət o həddə çatsın ki, Tramp istəsə belə, sülh istiqamətində addım ata bilməsin və Baydenin strategiyası işləsin. Nəticədə də respublikaçıların hakimiyyətdə qalması çətinləşsin”.

“Bu, həm də ona əsas verəcək ki, Tramp seçkiöncəsi verdiyi vədləri yerinə yetirə bilməyəcək və beləliklə də ABŞ cəmiyyətində etibarsızlaşdırılacaq. Ona görə də Rusiya da bunu çox yaxşı başa düşür. Əslində isə Vladimir Putinin nüvə doktrinası ilə bağlı dəyişikliyi təsdiqləməsi çəkindirici xarakter daşıyır. Hesab edirəm ki, Rusiyanın Ukraynanı nüvə silahı ilə vurması inandırıcı deyil. Moskva maksimum çalışacaq ki, Tramp hakimiyyətə gələnə qədər, ümumiyyətlə, nüvə sınağından istifadə etməsin və Qərbin dəstəyi ilə Ukraynanın hücumlarına davam gətirsin.

Lakin, əlbəttə ki, “Oreşnik” raketləri qismində daha dağıdıcı raketlərdən istifadə olunacaq və Ukraynanın strateji obyektləri vurulmaqda davam edəcək. Hazırda kifayət qədər gərgin mərhələdir. Lakin Tramp səlahiyyətlərinin icrasına başlayana qədər biz dağıdıcı nüvə silahlarının istifadəsini görməyəcəyik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
39
1
yenicag.az

2Sources