EN

47 ildən sonra ilk dəfə - qəhvə qiymətləri 1977-ci ilə qayıdır

Dünyada ən çox istehlak olunan qəhvə növü - Arabikanın fyuçers qiyməti 3,9 faiz artaraq 1977-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. The Wall Street Journal-ın məlumatına görə, Arabika fyuçersləri Londondakı ICE birjasında 2,8 faiz artaraq bir funt (0,45 kq) üçün 3,2 dollar olub. Bu, tarixən ən yüksək qiymət olan 3,3 dollara yaxındır. İlin əvvəlindən etibarən Arabika qiymətləri təxminən 69 faiz artıb.

Robusta qəhvəsinin qiymətləri də yüksəlməyə davam edir. Son məlumatlara görə Robusta fyuçersləri 2,4 faiz artaraq bir ton üçün 5300 dollara çatıb.

Bloomberg agentliyinin verdiyi məlumata görə, dünyanın ən böyük qəhvə istehsalçıları olan Braziliya və Vyetnam bu artımda mühüm rol oynayır. Braziliya yüksək keyfiyyətli Arabika qəhvəsi istehsal edərkən, Vyetnam daha ucuz olan Robusta qəhvəsinin lideridir. Qəhvə qiymətlərinin artmasının səbəbləri arasında iqlim dəyişikliyi, düzensiz hava şəraiti və yağışlar yer alır. Əvvəlki quraqlıq və yığım dövründə yağan yağışlar məhsulun azalmasına və qiymətlərin artmasına səbəb olub.

Bundan əlavə, qlobal logistika problemləri, tələbin artması və geopolitik qeyri-sabitlik də dünya bazarında qəhvə çatışmazlığını dərinləşdirib, bu da qiymətlərin yüksəlməsinə səbəb olub.  

Avropa bazarında bu yay qəhvə qiymətləri 10 faiz artıb, kafelərdə isə qiymətlər 5-15% arasında dəyişib. Bu artım, yüksək istehsal xərcləri və tədarük zənciri problemləri ilə əlaqələndirilir.

Citigroup analitiklərinin proqnozlarına görə, 2025-ci ildə Arabika qəhvəsinin qiyməti 2,80 dollar-a qədər yüksələcək, daha sonra isə 2026-cı ildə qiymətlərin 2,65 dollar səviyyəsində normallaşması gözlənilir.

Dünyanın ən böyük qəhvə istehsalçısı olan Nestle şirkəti xammalın bahalaşmasını qarşılamaq üçün qiymətləri artırmağı planlaşdırır. Şirkət qiymət artımlarını davam etdirərək, mənfəətini qorumağa çalışır.

 

 

Chosen
4
40
modern.az

10Sources