EN

"Rusiya Qərblə müharibəyə hazırlaşır" - Almaniya kəşfiyyatının rəhbəri

 
"Kremlin məqsədi heç də böyük əraziləri zəbt etmək deyil, Qərbin birliyini və NATO-nu sarsıtmaqdır..."
 
Almaniya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bruno Kal hesab edir ki, Rusiya yaxın illərdə NATO ölkələri ərazisinə hücum edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Berlində Beynəlxalq münasibətlər üzrə Almaniya Şurası tərəfindən təşkil edilən tədbirdə çıxışı zamanı bəyan edib.
 
Bruno Kal bəyan edib ki, Rusiya hərbi qarşıdurmanı hadisələrin gerçək inkişaf variantı kimi nəzərdən keçirərək Qərblə müharibəyə hazırlaşır. Onun proqnozlarına görə, onilliyin sonunda Rusiya ordusu Qərb ölkələrinə hücuma hazır ola bilər.
 
"Onilliyin sonunda Rusiya hərbçiləri, böyük ehtimalla, NATO-ya hücum etmək iqtidarında olacaq. Ukraynada müharibə o deməkdir ki, Moskvanın komandanlığı altında döyüşdə sınaqdan çıxmış qoşunlar olacaq. Onlar pilotsuz uçuş aparatlarından istifadə etməklə müasir müharibənin aparılması metodlarını mənimsəyib. Bu isə Rusiyanın adi silahlı qüvvələrindən gələn təhlükəni artırır", - Bruno Kal qeyd edib.
 
Onun ekspertlərinin dəyərləndirmələrinə görə, Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları NATO Nizamnaməsinin qarşılıqlı müdafiə haqqında 5-ci maddəsinin fövqəladə hallarda faktiki tətbiq ediləcəyinə şübhə ilə yanaşır, kəşfiyyat rəhbəri bəyan edib.
 
"Eyni zamanda, Rusiyanın hərbi potensialının artırılması o deməkdir ki, NATO ilə hərbi qarşıdurma Kreml üçün mümkün variantlardan birinə çevrilir", - Kal qeyd edib və əlavə edib ki, əgər Rusiya NATO üzrə bir və ya bir neçə  müttəfiqə hücum edərsə, o, bunu heç də böyük ərazilərin zəbt edilməsi üçün deyil, böyük ehtimalla, Qərbin birliyini və NATO-nu müdafiə alyansı kimi sarsıtmaq məqsədilə Qərbin müəyyən etdiyi "qırmızı xətləri" yoxlamaq üçün edəcək.
 
"Rusiyanın fikrincə, onun hücumu zamanı 5-ci maddənin qüvvəyə minməyəcəyi təqdirdə bu məqsədə nail olunacaq. Bu məqsədə çatmaq üçün Qərbə tank ordularını göndərmək lazım gəlməyəcək, Baltikyanıda, guya, təhlükə altında olan rus azlıqlarını müdafiə etmək üçün az sayda "yaşıl adamlar" göndərmək və ya Şpitsbergendə sərhədləri korrektə etmək yetərli olacaq", - o, izah edib.
 
Bruno Kal bəyan edib ki, bundan sonra da Moskva tərəfindən hibrid müharibənin gücləndirilməsini gözləyir. "Rusiya tərəfindən hibrid tədbirlərin geniş tətbiqi NATO-nun nəticə etibarilə qarşılıqlı müdafiə üzrə 5-ci maddənin tətbiq edilməsi imkanını nəzərdən keçirəcəyi riskini yüksəldir" - o, qeyd edib.
 
"Rusiyanın tammiqyaslı müharibəyə başlamaq nuyyətində olduğunun hələlik heç bir əlamətləri yoxdur, lakin əgər belə əhval-ruhiyyə Kremldə üstün gələrsə, yaxın illərdə hərbi qarşıdurma riski artacaq", - Bruno Kal bəyan edib.
Chosen
16
moderator.az

1Sources