EN

Uşaqlar arasında yayılan virus nə dərəcədə təhlükəlidir? - Həkimdən valideynlərə ÇAĞIRIŞ

Havaların soyuması ilə əlaqədar son günlər uşaqlar arasında xəstəliklər yayılır. Sosial şəbəkələrdə və cəmiyyətdə bununla bağlı müəyyən narahatlıq yaşanır.

Uşaqlar arasında yayılan virus qorxuludurmu? Bu xəstəliyin qarşısını almaq üçün nə etmək lazımdır.

Suallara cavab tapmaq üçün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədovla əlaqə saxladır.

Həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, payız fəsli, son günlər havaların kəskin soyuması ilə əlaqədar olaraq tənəffüs yolu infeksiyaları ilə müraciət edən xəstələrin sayında az da olsa artım müşahidə olunur.


"Bunlar əsasən yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Yuxarı tənəffüs yollarının infeksiyalarına virus infeksiyaları səbəb olur. Bizim qrip kimi tanıdığımız xəstəliyə səbəb olan "Rinovirus" və bir az da "İnfluenza" virusun sayında artım görünür", - deyə Azər Əhmədov bildirib.

Uzman doktorun sözlərinə görə, xəstəliklər əsasən hava-damcı yolu ilə yayılan infeksiyalar olduğu üçün qapalı otaqlarda, məsələn sinif otaqlarında yoluxma ehtimalı daha yüksəkdir.

"Burada gigenik qaydalara əməl edilməlidir. Nə qədər hava-damcı yolu ilə yayılması yüksək olsa da, yenə də təmas yolu ilə yoluxma daha yüksəkdir. Əllər tez-tez sabunla yuyulmalıdır. Evin yaxud sinif otağının havası tez-tez dəyişdirilməlidir. Bu virus infeksiyalarının yayılmasını azaldır".

Bəs valideynlər nə etməlidirlər?

Azər Əhmədov deyir ki, valideynlər uşaqların qidalanmasına diqqət etməlidirlər:

"Uşaqlar bol maye qəbul etməlidirlər. Xüsusi meyvə-tərəvəz qidalanması uşaqlarda müqaviməti artıracaq. Meyvə-tərəvəz yeyən uşaqlar xəstəliyi bir az yüngül keçirəcəklər. Hava-damcı yolu ilə yoluxan virus olduğu üçün bunun qarşısını almaq üçün hansısa dərman qəbul edilməsini tövsiyyə etmirik. Ona hansısa öncəlik üçün dərman qəbul etmək məsləhət deyil. Virus infeksiyalarına antibiotiklərin faydası olmur. Ona görə də, antibiotik qəbulu ümumiyyətlə məsləhət deyil. Ona görə də, valideynlər virus infeksiyalarında tələsib antibiotik vermək qərarına gəlməsinlər. Yaxşı olar ki, ailə pediatr məsləhəti alsın. Qızdırma olarsa onu salmaq lazımdır.

Xəstəliyin əlamətləri boğaz ağrısı, baş ağrısı, burun axıntısı, halsızlıq, yorğunluq, bəzən isə iştahsızlıq olur. Evdə sadəcə fiziki üsullardan istifadə etmək lazımdır. Əgər uşağın hərarəti 2 gündən artıq olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər uşağın qızdırması olmadığı zaman da halsız olarsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır".

Chosen
99
4
musavat.com

10Sources