EN

Növbədə axırıncı kimdir?

Zəngəzurda konsulluq açmaq istəyən dövlətlərin sayı durmadan artır

İkinci Qarabağ müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasından sonra gündəmə gələn məsələlərdən biri də regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır. Məlumdur ki, bu məsələ elə müharibənin başa çatmasını nəzərdə tutan 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatda öz əksini tapıb. Bəyanatın 9-cu bəndində açıq-aydın yazılıb ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Bəyanatda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi də qeyd edlib. Həmçinin bildirilib ki, tərəflərin razılığı əsasında Naxçıvan MR-lə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Ermənistan tərəfi müharibənin başa çatmasından ötən dörd il ərzində öz öhdəliyini yerinə yetirmir. Yəni, regionda kommunikasiyaların, başqa sözlə, Zəngəzur dəhlizinin açılmasından imtina edir. Baş nazir Nikol Paşinyanın öz imzasına hörmət qoyması üçün heç kəs ona güldən ağır söz demir. Buna baxmayaraq, İrəvana havadarlıq edən bəzi ölkələr 2021-2023-cü illərdə Azərbaycanın bu bölgəyə silahlı müdaxilə edəcəyi ilə bağlı yalanlar tirajladılar. Onlar bu bölgədə varlıqlarını göstərmək üçün Zəngəzurda (haylar bu qədim yurd yerimizi “Sünik” adlandırırlar–S.H.) tələm-tələsik baş konsulluq açmaq sevdasına düşdülər. Bu prosesdə, İran, necə deyərlər, hamıdan erkən tərpəndi. 2022-ci il oktyabrın 21-də Zəngəzur vilayətini inzibati mərkəzi olan Qafan şəhərində baş konsulluq açdı. Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak etdilər.

Yeri gəlmişkən, qeyd edək ki, açılış mərasiminin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Yayılan fotolarda konsulluğun yerləşdiyi binanın hələ tam olaraq təmirdən çıxmadığı aydın görünürdü. Diqqəti cəlb edən digər məqam isə açılış mərasimində çəkilən görüntülərdə nazirlərin konsulluqda yaradılan şəraitlə tanış olmaması idi. Bəzi istifadəçilər bunu konsulluğun kabinetlərinin tam təmir olunmaması ilə əlaqələndirmişdilər. Konsulluğun fotolarına baxdıqda da, onun diplomatik nümayəndəlikdən daha çox ictimai iaşə obyektinə bənzədiyini aydın görmək olardı.

İranın ardınca Fransa Qafanda baş konsulluq açmaq qərarını açıqladı. Ölkənin sabiq xarici işlər naziri Ketrin Kolonna 2023-cü ilin sentyabrında ölkəsinin belə bir planı olduğunu bəyan etdi. “Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində xüsusi hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Sünik bölgəsində konsulluq açacağıq” – deyə Kolonna Milli Assambleyanın iclasında deputatların Parisin “erməniləri qorumaq üçün” hansı addımlar atması ilə bağlı suala cavab olaraq bildirdi.

Bölgədə baş konsulluq açmaq istəyən ölkələrdən biri də Rusiyadır. Qafanda Rusiya baş konsulluğunun açılması barədə 2023-cü il mayın sonunda Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Departamenti direktorunun müavini Sergey Paltov məlumat verdi. Onun sözlərinə görə, mayın 25-də Moskvada Nikol Paşinyan və Vladimir Putin arasında keçirilən görüş zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyəndi.

Buna baxmayaraq, Rusiyanın istəyi hələlik reallaşmayıb. İki gün öncə – noyabrın 27-də keçirdiyi ənənəvi mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya baş konsulluğun açılmasının vaxtı ilə bağlı sualı da cavablandırıb. Deyib ki, Ermənistan buna prinsipial olaraq razılıq verib: “Rusiya Ermənistan xarici işlər nazirliyindən Sünik vilayətindəki konsulunun tanınmasını xahiş edib. Biz buna müvafiq cavab gözləyirik. Bu məsələni dəfələrlə şərh etmişik. Təəssüf ki, vəziyyət dəyişməyib. Ermənistan tərəfinin cavabı gecikdirməsinin səbəbi ilə bağlı sual Moskvaya ünvanlanmamalıdır”.

Göründüyü kimi, Rusiya bu addımı atmaqda israrlıdır. Ermənistan XİN başçısı 2023-cü il oktyabrında kanadalı həmkarı Melani Coli ilə İrəvanda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, digər ölkələr də Zəngəzurda diplomatik nümayəndəliklər açmaq istəyirlər. Gümün etmək olar ki, bu dövlətlərdən biri də Kanada olacaq. Üstəlik, Avropa İttifaqnın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərə zidd olaraq, ölkəmiz əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu misiyası da Zəngəzurda sərhədboyu aşağı-yuxarı gəzib dolaşmaqdadır.

Bu dövlətlər İrəvanın haray-həşir salmasına və Qərb mediasında “Azərbaycan Zəngəzuru ələ keçirəcək” tipli yazılara elə inanıblar ki, konsulluq vasitəsilə buna mane olacaqları qənaətindədirlər. Halbuki, İran ərazisindən Naxçıvana alternativ yolun çəkilişinə başlanılmasından sonra rəsmi Bakının Zəngəzur dəhlizinə marağı azalıb. Ermənistan ərazisinə müdaxilə etmək planımız isə heç əvvəldən olmayıb. Aydın olur ki, bu ölkələr baş konsulluq açmaqla boşuna pul xərcləyəcəklər. İllər ötəndən sonra isə onları bağlamaq məcburiyyətində qalacaqlar. Çünki konsulluq xidmətlərinin məqsədi həmin ərazilərdə yaşayan müvafiq ölkənin vətəndaşlarına xidmət etməkdir. Məgər, Fransanın, yaxud Rusiyanın Zəngəzurda baş konsulluğuna müraciət edəcək qədər vətəndaşı var?! Eyni sözü İranla bağlı da demək mümkündür. İran vətəndaşlarına İrəvandakı səfirliyin konsulluq şöbəsinin xidmət göstərməsi məgər kifayət etmir? Beləliklə, Qafanda konsulluq açılması ilə bağlı, necə deyərlər, yarışa çıxan ölkələrin bunu siyasi səbəblərdən etdikləri bir daha öz təsdiqini tapır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri, Azərbaycanın Kanada və Çexiyadakı sabiq səfiri Fərid Şəfiyev də bildirdi ki, bəzi ölkələrin Qafanda baş konsulluq açmaq qərarı tamamilə siyasi məsələdir. Onun sözlərinə görə, çünki adları çəkilən ölkələrin həmin bölgədə nə iqtisadi, nə də digər maraqları var: “Ümumiyyətlə, Zəngəzur vilayətində əhalinin sayı da çox deyil. Orada 100-150 min arasında əhali yaşayır. Bölgədə hansısa inkişaf da yoxdur. Adətən, baş konsulluq ölkələr arasında iri iqtisadi layihələr icra ediləndə açılır. Yaxud, bunun üçün zəruri şərt orada müvafiq ölkənin vətəndaşlarının yaşamasıdır. Çünki onlara konsulluq xidmətlərinin göstərilməsi lazımdır. Məsələn, Rusiyanın Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərində bizim baş konsulluğumuz var. Çünki orada xeyli sayda Azərbaycan vətəndaşı yaşayır və işləyir. Həmçinin, bu şəhərlərdə bizim böyük diasporumuz var. İstanbulda da Azərbaycan baş konsulluğu fəaliyyət göstərir. Türkiyənin paytaxtı Ankara olsa da, elmi, iqtisadi–biznes və sair cəhətdən əsas mərkəz İstanbuldur. Ölkələrin baş konsulluq açmaları üçün digər belə nümunələr var. Aydındır ki, Zəngəzurda nəyin olub, nəyin olmadığını biz bilirik. Bu, Zəngəzur dəhlizi məsələsi ilə bağlı sırf Ermənistana siyasi dəstək göstərmək məqsədini daşıyır”.

F.Şəfiyev qeyd etdi ki, Rusiyanın Qafanda baş konsulluq açmaq istəyi də məsələlərə siyasi cəhətdən nəzarət etmək istəyindən irəli gəlir. Ermənistanın bu prosesi gecikdirməsinin səbəbi ilə bağlı mövqeyini bölüşən mərkəz rəhbəri açıqlamasının davamında bildirdi: “Maraqlı sualdır. Biz bilirik ki, Ermənistanla Rusiya arasında siyasi münasibətlərdə müəyyən soyuqluq var. Ermənistan hökuməti Qərbə göstərmək istəyir ki, onların Rusiya ilə münasibətləri soyuqdur. Halbuki iqtisadi əlaqələr sahəsində heç bir soyuqlaşmadan söhbət gedə bilməz. Əlaqələr tam gücü ilə inkişaf edir, ticarət dövriyyəsinin həcmi ilbəil artır. Bu da Paşinyan hökumətinin Qərbə göstərmək istədiyi bir oyundur. Rusiya təkid etsə, baş konsulluq açılacaq”.

Rusiyanın Cənubi Qafqazdakı maraqlarına gəldikdə isə mərkəz rəhbəri bu maraqların 250-300 ildir formalaşdığını və hamıya aydın olduğunu vurğuladı: “Düzdür, müəyyən təsirlər, taktiki dəyişikliklər var. Amma strateji cəhətdən heç nə dəyişməyib. Buna görə də onlar Zəngəzurda baş konsulluq açmaqda maraqlıdırlar”.

Politoloq Ramiyə Məmmədova isə bildirdi ki, müxtəlif ölkələrin Qafanda baş konsulluq açmaq istəyi Ermənistana verilən dəstəyin göstəricisidir. Onun fikrincə, məqsəd İrəvanın özünü təhlükəsiz hiss etməsinə yönəlib. Halbuki, Ermənistanın özünü təhlükədə hiss etməsi üçün heç bir əsas yoxdur.

Müsahibimiz qeyd etdi ki, əsas məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsidir: “İran dəhlizin açılmasına qarşıdır. Tehran bu mühüm geosiyasi bölgədə özünün varlığını gözə soxmaq istəyir. Ancaq onlar konsulluq açanda bunu iqtisadi və nəqliyyat-logistika məsələsi ilə əlaqələndirmişdilər. Bildirmişdilər ki, İran vətəndaşlarının Ermənistana gedib-gəlişi üçün Qafanda baş konsulluğun açılması lazımdır”.

R.Məmmədova dedi ki, eyni zamanda, Rusiya bölgədə nəzarəti Qərbə verməmək üçün baş konsulluq açmaq niyyətinə düşdü. Həmçinin Fransa da Ermənistanın “ərazi bütövlüyünün qorunması üçün” belə bir addım atdı: “Ancaq hələlik nə Rusiya, nə də Fransa bu istəyini həyata keçirə bilib. Ermənistan baş konsulluğun açılması məqsədilə praktiki işlərə başlaması üçün Rusiyaya müsbət cavab verməyib. Bu isə Moskvanı narahat edir. Paytaxt İrəvandakı səfirliklə yanaşı, Gümrü şəhərində Rusiya baş konsulluğu fəaliyyət göstərir. Bunun da səbəbi Gümrüdə Rusiyanın 102 saylı hərbi hissəsinin yerləşməsidir. Konsulluq onlara müxtəlif xidmətlər göstərir. Onlar Rusiya vətəndaşları kimi səsvermə günü baş konsulluqda yaradılan seçki məntəqələrində səs verirlər. Bu baxımdan Gümrüdə baş konsulluğun olması anlaşılandır. Amma Ermənistanın getdikcə daha Qərbyönümlü olması Rusiyanı ölkənin müxtəlif şəhərlərində, o cümlədən Qafanda baş konsulluq açmağa vadar edir. Rusiya Ermənistanı Qərbdən uzaqlaşdırmağa, Qərb isə Ermənistanı özünə yaxınlaşdırmaqla Rusiyadan uzaqlaşdırmağa çalışır”.

Siyasi şərhçi onu da bildirdi ki, biz Cənubi Qafqaz regionunda Qərbin, NATO-nun Rusiyaya qarşı əməllərini görürük. Qərb bölgədə sabitliyin bərqərar olmaması üçün əlindən gələni edir. Baş konsulluqların açılması da Qərbin həm Rusiyaya, həm də İrana qarşı həmləsidir.

Səxavət HƏMİD
XQ

Chosen
19
xalqqazeti.az

1Sources