EN

Deputat: "Gündə 5 milyon barel neft çıxaran Kanadanın Azərbaycana nəsə deməsi ikiüzlülükdür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanı neft dövləti adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə Prezident İlham Əliyev tutarlı cavab versə də, hələ də bir sıra xarici mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini davam etdirirlər".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan uzun müddət Avropa İttifaqının və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və bu töhfə hələ də davam etdirilir:
"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra soyuq qış günlərində Avropaya təbii qaz ixracını artıran da məhz Azərbaycan idi. Ölkəmizi "petrostate" (neft dövləti - red.) adlandıran mətbuat orqanlarının nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Ziddiyyətin digər tərəfi də məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik beş milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür".
"Mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmizlə müqayisədə Kanada (188 milyard m3) 5.5 dəfə, ABŞ (1.029 trilyon m3) 30 dəfə, Norveç (124 milyard m3) 3.7 dəfə çox qaz hasil edir. Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə isə hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azaldılacaq.
Yer gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda, bu rəqəm ABŞ-də 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır", - deputat diqqətə çatdırıb.
Mərahim Nəsib
Chosen
26
8
oxu.az

10Sources