EN

"Divara bantlanmış banan" niyə məşhur oldu?..

İş adamı Castin Sanın italiyalı konseptual rəssam Maurisio Kattelanın “Divara bantlanmış banan” kimi tanınan “Komediyaçı” əsərini 6,2 milyon dollara satın alıb yeməsi yaddan çıxmayıb. İllərdir sənət tarixində müzakirə olunan bu əsər yenidən gündəmə gəldi. 


Modern.az əsərin tarixcəsi və bu qədər məşhurlaşmağının səbəblərini araşdırıb.


Rəssam "Komediyaçı" əsərinin ideyasının studiyasında bananı müşahidə etməklə yarandığını bildirir. Onun sözlərinə görə, banan həm qlobal, həm də tarixi bir simvol kimi seçilib.
Kattelan müsahibələrinin birində "mən həmişə bananı konseptual bir əsər üçün istifadə etməyi düşünürdüm" deyib. Əvvəlcə bananı şüşə, tunc kimi materiallarla təsvir etmək istəsə də, nəticədən razı qalmayan sənətçi sonda  onu olduğu kimi istifadə etməyə qərara alıb.


Əsər ilk dəfə 2019-cu ildə Art Basel Miami sərgisi üçün hazırlanıb. Bu sərgi müasir incəsənət dünyasında ən nüfuzlu və sənətçilərin əsərlərinin yüksək qiymətə satıln alınmasında önəmli rola malikdir.
Kattelan bananı gümüş rəngli bantla divara yapışdıraraq əsərin əsas formasını elə sərgi günü yaradıb. Əsər üç nüsxədə təqdim edilib və hər biri sərginin ilk günləri 120000 - 150000 ABŞ dollarına satılıb. 

Əsərin adının "Komediyaçı" olmasının səbəbi Maurisio Kattelanın müasir incəsənət dünyasına olan yumoristik yanaşmasını göstərir.


Əsərin hələ ilkin nümayişi zamanı geniş ictimai müzakirələr başlanıb. Əsərin bir nüsxəsinin gürcüstanlı performans sənətçisi David Datunanın 2019-cu ilin dekabr ayında divardan qopararaq yeməsi və bunu “Aclıq incəsənəti” performansı adlandırması onun daha çox müzakirə olmasına səbəb olub. Katella David Datunanın bu hərəkətinə heç bir reaksiya verməyib.


Əsərin bu qədər məşhurlaşmağının bir sıra başqa səbəbləri də var. İlk növbədə əsərin texniki və ya vizual baxımdan sadəliyi, müasir incəsənət aləmində "bunu hər kəs edə bilərdi, amma etmədi" məntiqini gündəmə gətirir. 


Maurisio Kattelan bu əsəri, eyni zamanda müasir incəsənətə satirik yanaşmanı özündə göstərir. Sənətçi müasir incəsənət bazarını və onun absurda meyilli olmasını bu cür tənqid edir. Əsər yüksək qiymətə satılaraq (120000-150000 ABŞ dolları) sənət bazarındakı şişirdilmiş qiymətləri ironik şəkildə üzə çıxarıb. 


Eyni zamanda əsəri məşhurlaşdıran önəmli nüanslardan biri də onun haqqında sosial mediada kütləvi şəkildə xəbərlərin yayılması olub. Əsər təqdim olunduğu andan sosial mediada sürətlə yayılıb. İnsanlar onun absurdluluğu ilə maraqlanıb, zarafatlar edib və hətta sənətçini təqlid etməyə çalışıblar. Media əsərin populyarlığını artırıb ki, bu da müzakirələrə səbəb olub.


“Komediyaçı”ya dırnaqarası yanaşmalar, incəsənətlə bağlı intelektual müzakirələrin edilməsinə səbəb olub. Əsər insanlara, sənətşünas və tənqidçilərə müasir incəsənətin sərhədləri haqqında düşünmək fürsəti verib. "Bananın çürüyəcəyini bilə-bilə onun incəsənət əsəri kimi təqdim olunmasında sənət nədir" və sənətin davamlılığı nə qədər vacibdir" kimi fəlsəfi suallar gündəmə gətirib.


Əsərin bir hissəsi də onun sərgidə yeyilməsi ilə yadda qalıb. Gürcü sənətçi David Datuna tərəfindən bananın divardan qoparılaraq yeməsi xeyli müzakirə olunub. Bu, əsərin məzmununa, ötürmək istədiyi mesaja yeni bir məna əlavə edib. Belə ki, digər dövrlərdə yaradılan sənət əsərlərindən fərqli olaraq müasir incəsənətin müvəqqətiliyi, gələcək prespektivlərinin olmadığını göstərib. 


Bananın simvolik mənası da əsərin məşhurlaşmasına səbəb olub. Tənqidçilər bildirir ki, bananın özündə həm gündəlik həyatla, həm də iqtisadi sistemlə bağlı simvolik mənalar var. “Banan tarixi boyu qlobal iqtisadiyyatın və müstəmləkəçiliyin bir simvolu olub. Eyni zamanda, onun çürüyən, müvəqqəti bir obyekt kimi seçilməsi, həyatın müvəqqəti xarakterinə işarə edir”.


"Komediyaçı" əsəri, sadə görünməsinə baxmayaraq, müasir incəsənət, iqtisadiyyat və cəmiyyət haqqında geniş müzakirələrə səbəb olub. Bu əsərin əsas gücü onun tamaşaçıları düşündürməyi və təəccübləndirməyi bacarmasındadır. Bununla yanaşı, əsər müasir sənətin kütlənin istək və diqqətinə, həmçinin  medianın gücünə necə bağlı olduğunu göstərən bir nümunəyə çevrilib. Beləliklə, sənətin əvvəlki dəyərinin və mənasının tamamilə dəyişdiyini “Komediyaçı”nın timsalında görmək mümkün olur. 


Üç nüsxədən ibarət olan “Komediyaçı” əsərinin iki nüsxəsi yeyilsə də, son nüsxəsi 2019-cu ildə Art Basel Miami sərgisində 120 min dollara alan və dünya xəbərinə çevrilən Bili və Beatrise Cox cütlüyündədir. Əsəri aldıqdan sonra mediaya açıqlama verən cütlük "Risk etdiyimizi bilirdik, amma bunun tarixi bir obyekt olacağını hiss edirik" deyib. 

Chosen
103
50
modern.az

10Sources