EN

GÜNDƏM: Azərbaycan-Yaponiya və Küveyt əlaqələri müzakirə edildi, kritik infrastruktur və yeni Vergi Məcəlləsi gündəmdədir

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb.

Bu barədə Fins.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, tərəflər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər:

"Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu xüsusda Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib".

Diqqətə çatdırılıb ki, görüş zamanı qarşı tərəfə postmünaqişə dövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-un uğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib və COP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.

"Qarşı tərəf Azərbaycanı COP29 sədrliyi, habelə tədbirin yüksək səviyyədə peşəkarlıqla təşkili və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə səylərinin gücləndirilməsi istiqamətində liderlik səylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacib razılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyə institutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki və Zərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarların əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdir edilib", - məlumatda qeyd olunub.

* * *

29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyrini qəbul edib.

XİN-dən Fins.az-a verilən məlumata görə, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cari ildə Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb. Ölkəmizin liderliyi ilə uğurlu konfransın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərə mühüm töhfə olduğu vurğulanıb.

Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Noyabrın 28-də Azərbaycan Respublikasının Şri-Lanka Demokratik Sosialist Respublikasındakı yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Anura Kumara Dissanayakeyə təqdim edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Şri-Lanka Demokratik Sosialist Respublikasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Paytaxt Kolombo şəhərində keçirilmiş rəsmi təqdimetmə mərasimindən sonra səfirlə söhbət zamanı Prezident Dissanayake onu təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını ona çatdırıb. Şri-Lankanın dövlət başçısı minnətdarlığını bildirərək öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndiriməsinin vacibliyi vurğulanıb.

Həmin gün səfirin Şri-Lankanın xarici işlər naziri Vijitha Heratla baş tutmuş görüşündə ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişafı üçün praktiki addımların və nəticə yönümlü fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb.

Həmsöhbətlərə Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri, o cümlədən ölkəmizin iqlim dəyişikliyi üzrə fəaliyyət gündəliyi və qlobal təşəbbüsləri barədə məlumat verilib.

* * *

Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı təsdiqlənib.

Fins.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müavfiq qərar imzalayıb.

Qeyd edilib ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

* * *

Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik. Artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, Vergi Məcəlləsində bu il həyata keçirilən dəyişikliklər, təqdim olunan dəyişiklik layihəsi sahibkarlığın heç bir növündə vergi yükünün artırılmasına gətirib çıxarmır:

"Əksinə, ölkədə iri investisiya qoyuluşunun, xüsusilə, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına investisiya qoyuluşunun, dövlət-özəl tərəfdaşlıq çərçivəsində özəl tərəfdaş qismində çıxış edən investorların ölkəyə investisiya qoyuluşunun təşviq edilməsinin vergi yolu ilə dəstəklənməsini nəzərdə tutan dəyişiklikləri misal göstərə bilərik. Biz hər il olduğu kimi, investisiyaların cəlb edilməsi yalnız vergi təşviqi yolu ilə deyil, həm də qanunsuz sahibkarlarla düzgün, effektiv mübarizə yolunun mümkün olduğunu hər il vurğulayırıq və vergi qanunvericiliyinə dəyişiklikdə mütləq inzibatçılıq alətlərini təkmilləşdiririk".

Chosen
72
50
fins.az

10Sources