EN

Nazir müavini: Günəş və küləkdən alınan elektrik enerjisinin maya dəyəri ənənəvi yolla alınan enerjidən ucuz başa gəlir

Azərbaycan dünya dövlətləri sırasında ən yüksək - 96,5 faiz qazlaşdırma səviyyəsi olan ölkələrdən biridir, bəlkə də birincisidir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

 

“Amma burada bir məsələ var. Biz nəzərə almalıyıq ki, qazlaşdırma ilə bağlı layihələr iki mənbədən təmin olunur. Onlardan birincisi, dövlət büdcəsindən ayırmalardır. İkincisi, SOCAR-ın, “Azəriqaz”ın özünün imkanları hesabınadır. Dövlət bu məsələlərdə daha çox “Azəriqaz”ın vəsaiti hesabına qazlaşdırmanın aparılmasını tövsiyə edir. Onu da nəzərə almaq lazımdır ki, böyük ərazilər, daha çox insan məskunlaşan ərazilərimizin qazlaşdırma ilə bağlı sualları yoxdur. Kiçik kəndlər, dağ kəndlərində müəyyən problemlər var. Biz bunların həllinə çalışmalıyıq, çalışırıq”, - deyə nazir müavini qeyd edib.

 

Sahib Ələkbərov, həmçinin əlavə edib qazlaşdırma insanların, məişət problemlərinin həllində xüsusi rol oynasa da yeni enerji mənbələri ortaya çıxır: “Biz 7-8 evdən ibarət olan bir kəndə qaz çəkmək məsələsini qaldıranda düşünməliyik ki, bu nə dərəcədə səmərəlidir. Yəni bizim elə rayonlarımız var ki, orada digər enerji mənbələrindən istifadə etmək daha üstün olar. Günəş, külək enerjisi hesabına alınan elektrik enerjisinin maya dəyəri ənənəvi enerji hesabına alınan elektrik enerjisindən qat-qat ucuz başa gəlir”.

Chosen
36
1
sfera.az

2Sources