Nyu York Ştat Senatının üzvü Liz Krüqer ABŞ-ın şimal-şərqində yerləşən Nyu-York, Konnektikut, Massaçusets və Vermont ştatlarının ABŞ-dan ayrılaraq Kanadaya birləşdirilməsini təklif edib.
Trend-in “Newsweek” portalına istinadən verdiyi məlumata görə, Krüqer bu təklifi Donald Trampın prezidentliyə qayıdışı halında liberal ştatların federal maliyyə dəstəyindən məhrum edilə biləcəyinə dair narahatlıqlarını ifadə edərkən səsləndirib. Demokrat senatorun fikrincə, miqrantlara sığınacaq verən ştatların cəzalandırılması artıq yeni administrasiya tərəfindən müzakirə olunur.
Bu, Krüqerin belə bir təklifi ilk dəfə səsləndirməsi deyil. Sentyabr ayında verdiyi müsahibədə o, şimal-şərq ştatlarını Kanadanın cənub-şərq əyaləti kimi görmək ideyasını da irəli sürmüşdü.
Senatorun bu təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Lakin ekspertlər hesab edirlər ki, bu fikir real siyasi təşəbbüsdən çox, Trampın siyasətinə qarşı narazılığın simvolik ifadəsidir.