Azərbaycan Respublikasının parlamenti - Milli Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev parlamentin plenar iclasında Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəflər münasibətlər barədə çıxış edərək aşağıdakıları bildirib:
Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında imzalanan Anlaşma Memorandumu həmçinin hökumətimizin viza məsələləri sahəsində şəffaflıq siyasətini, eləcə də, ölkəmizin beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi dəyəri göstərir.
Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı Krallığı ilə həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir. Bu ali dövlət orqanında-Milli Məclisdə ikitərəfli dövlətlərarsı münasibətlərin xarakteri, Səudiyyə Ərəbistanının qanunsuz işğala görə Azərbaycanın haqqlı mövqeyinə uzun illər verdiyi dəstək barədə fikirlərimi bildirmək istərdim.
Dost və qardaş Səudiyyə Ərəbistanı ilə münasibətlərin əsaslarının formalaşdırılmasına Azərbaycanın mərhum prezidenti, Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə etdiyi rəsmi səfər ciddi töhfə vermişdir. Ümummili Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd bin Əbdüləziz Al Səudla əldə etdiyi razılaşmalarla və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ümumi istiqamətlərinə dair imzalanan hökumətlərarası Baş Sazişlə ikitərəfli münasibətlərin möhkəm təməli qoyuldu. Məhz bu fundament üzərində qurulan və son 30 il ərzində iki dövlət arasında inkişaf edən əlaqələr Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş” münasibətlər kimi dəyərləndirilir. Hesab edirəm ki, bu strateji tərəfdaşlığın ikitərəfli yazılı sənəddə də hüquqi baxımından təsbit olunması aktual və zərurə məsələ kimi diplomatiyamızın qarşısında durur.
Bu qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biri, Səudiyyə hökumətinin torpaqlarımızın beynəlxalq hüquqa zidd işğalına uzun illər qlobal diplomatik müstəvidə göstərdiyi dəstək mövqeyi olmuşdur. Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-ci ilin sentyabrında suverenliyini tam bərpa edənədək Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmamışdır. Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilməlidir.
Əlaqələrimizin müsbət dinamika ilə inkişafı və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 2-3 il ərzində iki ölkə arasında müşahidə olunan qarşılıqlı səfərlər dinamikası buna əyani sübutdur. 2022-2023-cü illər ərzində Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif səviyyələrdə qarşılıqlı olaraq 16 səfər həyata keçirillmişdir.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr də vacib yer tutur. Milli Məclis Sədrinin ötən illər ölkəmizdə səfərdə olan çoxsaylı Səudiyyəli nümayəndə heyətlərinin rəhbərləri ilə Milli Məclisdəki görüşləri buna misaldır.