EN

Yaşıl artım portalı” karbonsuz iqtisadiyyat üçün tələb olunan vasitələrin istehsalını stimullaşdıracaq

“Yaşıl artım portalı” (https://growthlab.app/greenplexity) bir çox istiqamətlər üzrə COP29 fəlsəfəsinin təşviq etdiyi prinsiplərə uyğun olaraq fəaliyyyətin stimullaşdırılmasına öz dəstəyini göstərə biləcək. Buraya ilk növbədə ətraf mühitin qorunması, davamlı inkişaf perspektivlərinin təmin edilməsi, o cümlədən karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması kimi məsələləri daxil etmək olar”.

Bu fikirləri “vergiler.az”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov “Yaşıl artım portalı”nın əhəmiyyətindən danışarkən səsləndirib. Onun sözlərinə görə, portalda düzxətli iqtisadiyyatın dairəvi iqtisadiyyatla əvəzlənməsi prosesinin sürətləndirilməsinə xidmət edən amillər yer alır: “Düşünürəm ki, “Yaşıl artım portalı” sahibkarlar üçün yaşıl texnologiyaların tətbiqinə dəstək verəcək. Eyni zamanda, innovativ ekoloji yanaşmaların, yaşıl iqtisadiyyatın prinsiplərinə uyğun olan fəaliyyətlərin bütün iqtisadi spektorlarda təzahür etməsinə imkan verəcək”.

Xatırladaq ki, qlobal “Yaşıl artım portalı” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanıb. İstifaçilər üçün ödənişsiz xidmət göstərən portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası” (Atlas of Economic Complexity) əsasında hazırlanıb.

Portal yaşıl dəyər zənciri üzrə 10 məhsul - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi və bu məhsullar üçün lazım olan xammallar barədə 10 illik məlumatları əhatə edir.

İqtisadçı qeyd edib ki, portal yaşıl texnologiyalara, ümumiyyətlə, alternativ enerji mənbələrinə keçid proseslərini sürətləndirəcək: “Portal yaşıl texnologiyaların istehsalının təşviqi prosesinə müsbət təsir göstərəcək, bu sahədə investisiya mühitinin formalaşmasını stimullaşdıracaq”.

Qeyd edək ki, “Yaşıl artım portalı” karbonsuzlaşma üçün lazım olan vasitələrin istehsalında istifadə edilən xammal ehtiyatları barədə müfəssəl məlumatlar təqdim edir. Təmiz enerjiyə keçid iqlim dəyişmələri ilə bağlı əsas təşəbbüslərdəndir. Karbonsuz iqtisadiyyat təkcə emissiyaların azaldılması öhdəliyini deyil, həm də bu məqsədə nail olmaq üçün lazımi vasitələrə çıxışı tələb edir. Bu, kritik minerallara əsaslanan günəş panelləri, külək turbinləri, elektrik nəqliyyat vasitələri və batareyalar kimi təmiz enerji texnologiyaları üçün qlobal təchizat zəncirlərinin genişləndirilməsi deməkdir.

Məsələn, bir sıra vacib minerallar enerji keçidini gücləndirir. Çünki bu minerallar müxtəlif enerji texnologiyaları üçün mühüm xammaldır. Dünyanın karbonsuzlaşması üçün mineral istehsalçıları istehsalı tez bir zamanda genişləndirməli olacaqlar. Bu, bir çox ölkələr üçün mühüm yaşıl inkişaf imkanı deməkdir. Bunun üçün faydalı qazıntı yataqları və yaxşı mədən siyasəti tələb olunur. “Yaşıl artım portalı” hər bir ölkə üzrə vacib mineral ehtiyatları barədə müfəssəl məlumatlar təqdim edir.

COP29 çərçivəsində ilkin variantda istifadəyə verilən “Yaşıl artım portalı” 2025-ci ildə tam fəaliyyət göstərəcək. Portala beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq.

Fərqanə ALLAHVERDİQIZI

Chosen
41
vergiler.az

1Sources