EN

Zelenski: “Ukrayna üçün NATO-nun alternativi yoxdur”

Ukrayna Prezidenti Volodimir Zelenski Kyodo News-a müsahibəsində ölkəsinin NATO-ya üzvlüyünün alternativlərinin olub-olmaması barədə sualı cavablandırıb.

O, nəzəri olaraq müxtəlif formatların mövcud olduğunu, lakin Ukraynanın vəziyyətində onların effektiv olmayacağını bildirib. Zelenski BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən Ukraynanın təhlükəsizliyinə zəmanət verən 1994-cü il Budapeşt Memorandumunu və Rusiya ilə münaqişəni donduran Minsk razılaşmalarını xatırladaraq, bu təşəbbüslərin Ukraynaya kömək etmədiyini vurğulayıb.

“Buna görə də, Ukrayna üçün NATO-ya alternativ varmı? Bizim təcrübəmizə əsasən — yox. Bu, tammiqyaslı müharibə təcrübəmizdən irəli gəlir, çünki bizə təhlükəsizlik zəmanəti verənlərdən biri ilə müharibə aparırıq,” — deyə prezident bildirib. “Biz daha risk etmək istəmirik. Budapeşt Memorandumu və Minsk razılaşmaları kifayətdir. İki dəfə bu səhvi etdik, üçüncü dəfə eyni səhvi təkrarlaya bilmərik.”

Kyodo News, 1945-ci ildə yaradılmış Yaponiyanın aparıcı xəbər agentliklərindən biridir. Qeyri-kommersiya kooperativi olaraq fəaliyyət göstərən agentlik, Yaponiyada və dünyada baş verən hadisələri dəqiq və operativ şəkildə işıqlandırır. Kyodo News, Yaponiyanın əksər qəzetləri və yayım stansiyaları ilə əməkdaşlıq edir və beynəlxalq səviyyədə geniş məlumat şəbəkəsinə malikdir.

Musavat.com Ukrayna prezident administrasiyasının bu müsahibədən yaydığı kiçik bir video parçanı təqdim edir.

 

Musavat.com

Chosen
29
musavat.com

1Sources