EN

“Çinə Zəngəzur dəhlizi lazım deyil” iddiası - düşmənin xam xəyalı, yoxsa...

Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ətrafında intriqa səngimir. Bunun tək səbəbkarı kommunikasiyaların açılmasına hər vəchlə siyasi don geydirməyə çalışan Ermənistan və onun bəzi xarici havadarlarıdır. Halbuki kommunikasiyaların açılması hamıdan çox onun özünə faydalıdır.      

“Mənim Gürcüstanın Anaklia limanının Çin tərəfinə icarəyə verilməsi qərarının Zəngəzur dəhlizi adlandırılan dəhliz kontekstində təsirini təhlil etmək imkanım oldu”.

Bu barədə ev dustaqlığında olan radikal-müxalifətçi Ermənistan Respublika Partiyasının sədr müavini (rəhbəri Xocalı hərbi canisi Serj Sərkisyandır), revanşist Armen Aşotyan yazıb.

Onun sözlərinə görə, “Çin özünün müstəqil logistik oyunu ilə bu dəhlizin sırf geosiyasi, pantürkist mahiyyətini tam açıb göstərir”. İddia edib ki, guya Türkiyə və Azərbaycan Qərb və Çin arasında ticarət üçün Zəngəzur dəhlizinin əhəmiyyətini şişirdir, Bakı və Ankara “öz arzularını qlobal iqtisadi fayda paketində təqdim etmək üçün” çalışır. 

“Çin isə Cənubi Qafqazda pantürkizm tələsinə düşməmək üçün ticarət yolunu ya Sünikdən (Qərbi Zəngəzur - red.) şimala - Gürcüstan, ya da Sünikdən (Qərbi Zəngəzur - red.) cənuba - İran vasitəsilə təmin etməyi nəzərdə tutur. Çinə Zəngəzur dəhlizi lazım deyil", - Aşotyan bildirib.

Erməni revanşist-müxalifətçinin iddiasının əsası varmı? Zəngəzur dəhlizi Çin üçün nə dərəcədə önəm kəsb edir? Azərbaycan, Türkiyə öz yerində, bu marşrut ən çox daha hansı ölkələrə lazımdır?

fikret.jpeg

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “ Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Zəngəzur dəhlizi ətrafında kimin nə deməsinin heç bir əhəmiyyəti yoxdur: “Bu məsələ artıq çoxdan öz həllini tapıb. Yəni hələ 44 günlük savaşdan da illər öncə bu barədə Azərbaycan və Çin anlaşıblar. Baxın, Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında "Bir kəmər, bir yol" (layihənin yeni adı Kəmər və Yol Təşəbbüsü) layihəsini ortaya qoyduqdan sonra bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Çünki Azərbaycan Prezidenti bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirmişdi. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu" imzalanmışdı.

Dünya iqtisadiyyatının nəhəngi olan və bu gün Alıcılıq Qabiliyyəti Prioriteti üzrə Amerika Birləşmiş Ştatlarından da 10 trilyon dollardan çox ümumdaxili məhsul istehsal edən Çin bu yolların çəkilməsinin gələcəkdə onun üçün nə demək olduğunun ciddi fərqindədir. Əgər bu belə olmasaydı, Çin “Bir kəmər, bir yol” layihəsinə ümumilikdə 8 trilyon ABŞ dolları həcmində vəsaitin xərclənməsi barədə qənaətə gəlməzdi. Çəkiləcək yollarla 60-dan çox ölkəni birləşdirəcək bu nəhəng layihənin reallaşdırılmasına Çin hökuməti artıq bir trilyon dollardan çox vəsait xərcləyib.

Zəngəzur dəhlizinin iqtisadi və siyasi əhəmiyyətindən çox danışmaq olar. Bir məsələni tam olaraq anlamaq lazımdır ki, bu dəhlizin açılmasında Ermənistanın hansı mövqedə dayanmasının heç bir əhəmiyyəti yoxdur. Bu dəhliz ya könüllü şəkildə, ya da güc tətbiq etməklə açılacaq. Çünki ortada söhbət qərblə şərq arasında daşımaların zamanının 3 dəfəyə qədər qısaldılması hesabına Çinin də, Qərbin də hər il əldə edə biləcəyi 100 milyardlarla dollar əlavə mənfəətdən gedir. Nəhəng dövlətlərin bu qədər böyük biznes maraqları qarşısında ümumidaxili məhsulu real olaraq 20 milyard dollar ətrafında olan və bölgədə dalana dirənmiş Ermənistan nə edə bilər ki..."

E-huquq

Azər Badamov

Deputat Azər Badamov Ermənistanın hər hansı cəhdlərinə baxmayaraq, Azərbaycanın bu məsələdə istədiyini həyata keçirəcəyini düşünür: “Zəngəzur dəhlizi ancaq Azərbaycan və Türkiyə üçün lazımi layihə deyil, həm də bu qlobal layihədir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirəcək və iki qitə arasında yükdaşımaların həyata keçirilməsində zaman və maliyyə baxımından əvəzsiz alternativ marşrut olacaq. Bu baxmdan Çinin Zəngəzur dəhlizinə marağı günü-gündən artmaqdadır. Çinin Avropa ilə 1 trilyon dollara yaxın bir ticarət dövriyyəsi var. Bu dövriyyənin reallaşdırılmasında ənənəvi marşrutlarda çətinliklər yaranmışdı. Amma yeni yaranacaq Zəngəzur dəhlizi ancaq alternativ marşrut deyil, həm də digər marşrutlardan daha rentabillidir. Ona görə də Zəngəzur dəhlizinin açılması Çin üçün çox maraqlıdır.  

Ermənistan Respublika Partiyasının sədr müavini Armen  Aşotyanın yazdığı “Çin özünün müstəqil logistik oyunu ilə bu dəhlizin sırf geosiyasi, pantürkist mahiyyətini tam açıb göstərir. İddia edib ki, guya Türkiyə və Azərbaycan Qərb və Çin arasında ticarət üçün Zəngəzur dəhlizinin əhəmiyyətini şişirdir, Bakı və Ankara öz arzularını qlobal iqtisadi fayda paketində təqdim etmək üçün çalışır" fikirləri cəfəngiyyatdır. Düzdür, Zəngəzur dəhlizi Türk dünyası arasında fiziki bağlantı yaratmaqla birləşdirəcək. Biz Türk dünyasında vahid gücün yaranmasını dəstəkləyirik. O cümlədən türkdilli dövlətlərin ayrı-ayrılıqda güclənməsi ümumi gücümüzü artırır. Amma Armen Aşutyanın qeyd etdiyi kimi, Çinin pantürkizmə görə Zəngəzur dəhlizini dəstəkləməməsi, Gürcüstan və ya İran üzərindən daşımaları təşkil etmək üzərində düşündüyünü ifadə etməsi Zəngəzur dəhlizi məsələsini siyasiləşdirmək üçün onun özünün düşündükləridir. Belə ki, Azərbaycan nəinki Qərbi Azərbaycandan Zəngəzur dəhlizinin açılması üzərində işləyir, həm də İran ərazisindən Naxçıvanla birləşdirəcək yeni yolun çəkilməsi prosesini davam etdirir. Ermənistan isə boş-boş söhbətlərlə özünü yenə də beynəlxalq marşrutdan təcrid edir. Azərbaycan Ermənistanın istəyindən asılı olmayaraq öz yolunu açacaq. Ermənistan hakimiyyəti və necə deyərlər, onların radikal müxalifəti öz ölkəsinin gələcəyini düşünürsə, siyasi qərəzlərini kənara qoyub Ermənistana nəfəslik olan Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Chosen
24
1
musavat.com

10Sources