EN

Böyük müharibə qaçılmazdır… - Səxavət Məmməd yazır

İsraillə Livan arasındakı sülhün əldə olunması müsbət bir addım kimi görünsə də, düşünürəm ki, bu müharibələri səngitməyəcək. Əksinə, dünya bir müharibə hazırlığının içərisindədir.

Bəzən dövlətlər sülhdən danışır, pozitiv mesajlar yayımlayır. Ancaq dövlətlərin öz xalqlarına müharibəyə hazırlaşması barədə subliminal mesajlar verir. Son zamanlar, xüsusilə Qərb ölkələrində hərbi texnikaların, silah-sursatların açıq şəkildə bir yerdə başqa yerə daşıması müşahidə olunur. İllər əvvəl də bu hallar yaşanırdı, ancaq bu tip daşımalar zamanı texnikaların, silahların üstünə çadırlar çəkərək həyat keçirilirdi. Düşünmürəm ki, Qərb ölkələrində çadır çatışmazlığı var. Sadəcə olaraq bunun açıq şəkildə nümayiş etdirilməsi əhalini hazırlamaqları ilə bağlıdır.

Azərbaycanda dövlət qurumları əhaliyə ən çox xəbərdarlığı hərbi karvanların çəkilib sosial şəbəkələrdə paylaşılmaması ilə bağlı idi. Ancaq bunun heç bir əhəmiyyəti olmurdu. Xəbərdarlıqlara baxmayaraq, yenə bu baş verirdi. İndi də avropalılar əlində telefon bunları çəkib paylaşmaqla məşğuldur. İnsanlara nə qədər xəbərdarlıq edirsən, et, hərbi texnikalara, onların çoxlu sayda bir yerdən başqa yerə daşınmasına maraq olub, olacaq da. Dövlətlər dildə sülh deyə bilər, ancaq subliminal mesaj olaraq, xalqa başqa şey verir. Bu, hazırlıq mərhələsinin ilkin variantıdır. Hesab edirəm ki, bir müddət sonra fərqli halların da şahidi olacağıq.

Ona görə də Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki müharibənin son olacağını düşünmürəm. Misal üçün, Livanla İsrail arasında sülh əldə olunur, paralel isə Suriyada proseslər yenidən alovlanır. Artıq Suriyada hökumət qüvvələri ilə müxalif qüvvələr arasında ciddi toqquşmalara start verilib. Məsələ ondadır ki, yeri əhalini də bu prosesə cəlb edə biliblər. Son günlər Türkiyə və Rusiyanın Suriyadakı patrul xidmətləri yerli əhali tərəfindən daşa basılır. Bəlkə də bu əvvəl də var idi, ancaq son günlər bu proses media qurumlarının səhifələrini bəzəməyə başlayıb. Yəni müharibə lazımdırsa, yer qəhət deyil.

Ona görə də düşünmürəm ki, bütün müharibə ocaqları qaynar saxlanıldığı bir vaxtda Cənubi Qafqazda sülh müqaviləsi asan olsun. Hətta sülh müqaviləsi imzalansa belə, bunun daimi olacağına kimsə qarantiya verə bilməz.

Azərbaycan və Ermənistan hər nə qədər sülh barəsində pozitiv mesajlar versələr də, hər iki tərəfin hərbi gücünü artırdığını görə bilirik. Ermənistan tərəfi açıq şəkildə aldığı silahları nümayiş etdirir, Azərbaycan tərəfi də həmçinin. Bundan əlavə, sülh müqaviləsi barədə danışılsa da, rəsmi olaraq da hərbi gücün artırılması yönündə həm bəyanatlar verilir, həm də fəaliyyət göstərilir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev parlamentdəki çıxışı zamanı dövlətin qarşısında duran bir nömrəli hədəfin hərbi gücün artırılması olduğunu açıq şəkildə bəyan etdi. İlham Əliyevin bu çıxışı zərurətdən irəli gəlirdi. Çünki dünyada baş verən proseslər, region dövlətlərinə diktə edir ki, istəsən də, istəməsən də müharibəyə hazır olmalısan.

Ümumiyyətlə, böyük dövlətlərin belə iqtisadiyyatlarını müharibə iqtisadiyyatına çevirdiyinin şahidi oluruq. Hətta iddialar var ki, Rusiya Ukraynada müharibə apara-apara böyük bir müharibəyə hazırlığın içərisindədir. Ukraynaya silah və sursatın azalan templə verilməsi də buna işarədir. Çünki Qərb ölkələri məcburdur ki, sursat anbarlarına əl gəzdirsinlər.

Cənubi Qafqazın katalizator dövləti də Ermənistandır. Ermənistan istər Rusiya, istər İran, istərsə də Qərb üçün həmişə istifadəyə hazır dövlətdir. Ermənistanın yanında olan ölkələr kimi ABŞ və Fransa daha çox gözə batır. Ancaq Almaniya, Yunanıstanı da gözdən kənara qoya bilmərik. Polşa rəsmilərinin şərti sərhədə gəlməsi isə prosesin daha mürəkkəb olduğunu göstərir. Yeri gəlmişkən, Ermənistan ordusunun məhz Kərki istiqamətinə silah-sursat daşıması Ermənistan mediasında və sosial şəbəkələrdə yayılmağa başlayıb. Proseslər bir-birinin ardınca gəlir. Polşa o qədər böyük dövlət, qlobal güc deyil ki, Cənubi Qafqazda hansısa maraqları olsun, yaxud diktə edə bilsin. Polşaya NATO gözü ilə baxdıqda, məsələ aydın ola bilir.

Müvəqqəti sülhləri, atəşkəsləri çox görəcəyik, ancaq böyük müharibə qaçılmazdır…

 

Chosen
83
38
adalet.az

10Sources