EN

Həbsdəki dini inanclı fəalın 4 gündür aclıq etdiyi bildirilir

"Elə başmaqla çıxarıblar oradan…”

17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan dini inanclı məhbuslardan biri Natiq Həşimovun 4 gündür orada aclıq aksiyası keçirdiyi bildirilir. 

Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, sağlamlığında ciddi problemlər olan Natiq Həşimov müalicəsinə imkan verilməməsinə etiraz olaraq, aclıq edir.

Aclığa başlaması haqda ailə üzvlərinə də telefon zəngi vasitəsilə Natiq Həşimov özü xəbər verib.


Natiq Həşimov

Yaxınları bildirir ki, 40 yaşlı Natiq Həşimov ağır şəkər xəstəsidir. Bəzən qanda şəkər 600-ə qalxır, komaya düşmək təhlükəsi yaranır. 

Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarov bir müddət əvvəl cəzaçəkmə müəssisəsinə gələndə onun vəziyyətini görüb və Müalicə Müəssisəsinə köçürülməsi barədə göstəriş verib: "Bir müddətdir Müalicə Müəssisəsində idi. Orada müalicə olunurdu. Noyabrın 30-da səhər onu qəfildən 17 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarıblar. Əvvəldən köçürülmə barədə xəbərdarlıq etməyiblər. Elə başmaqla çıxarıblar oradan. Bütün dərmanları da orada qalıb. Müalicəsi başa çatmamış, heç bir səbəb göstərilmədən köçürdüklərinə görə noyabrın 30-dan – gətirdikləri gündən aclığa başlayıb. İnsulindən də imtina edib. Yalnız su içir, onu da qaytarır. Vəziyyəti çox pisdir. Qollarına girib ayağa qaldırırlar”.

Natiq Həşimovun 30 ildir şəkərli diabetdən əziyyət çəkdiyini və II qrup əlil olduğunu deyən yaxınları əlavə edib ki, o, Müalicə Müəssisəsinin Qulu və Vüsalə adlı həkimlərindən şikayətçidir. 

Hesab edir ki, adları çəkilən həkimlər ona qarşı haqsızlıq edərək, geri qaytarılmasına göstəriş verib: "Dedi ki, başına nəsə pis hadisə gəlsə, bu adamlar məsuliyyət daşıyır”.

1984-cü il təvəllüdlü Natiq Həşimov 2023-cü ilin mayından həbsdədir. Onu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. Yaxınları deyir ki, dini inanclı fəal idarədə işgəncələrə məruz qalıb, ondan özünə aid olmayan narkotik maddəni üzərinə götürmək tələb olunub.

Lakin o, razılaşmayıb, işgəncələrə dözüb: "Axırda onu ailəsilə hədələyiblər, buna dözməyib. Narkotiki boynuna qoyub, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham vermişdilər. Guya üstündə 7 qram narkotik olub”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ittiham Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edilib. 

Dini inanclı fəal 3 il azadlıqdan məhrum edilib.

Natiq Həşimovun aclıq aksiyası keçirməsi barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Chosen
20
arqument.az

1Sources