Xəbər verdiyimiz kimi, Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilib. İki gün davam edən tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair maraqlı təqdimatlar edilib.
Regional seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzə edib. O, yaradıcı sektorun müxtəlif məsələlərinə toxunaraq kreativ sənaye tədqiqatlarının təkamülü, qurumun metodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, yaradıcı sənayelər iqtisadiyyatın mühüm sektorlarından biridir və ümumi daxili məhsula və məşğulluğa əhəmiyyətli töhfələr verir. D.Qançev statistik göstəriciləri təqdim edib və bu statistik göstəricilərin yaradıcı sənayelər və kreativ iqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Beynəlxalq təşkilatın nümayəndəsi Rimantas Vaicenavicius “Müəllif-hüquq sənayesi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının çərçivəsində” mövzusunda təqdimatında məşğulluq və beynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb və sahə üzrə əsas indikatorları təhlil edib.
Qurumun digər nümayəndəsi Felipe Buitragonun “Kreativ iqtisadiyyatın data modelinin yaradılması” mövzusunda etdiyi təqdimatda kreativ iqtisadiyyat üçün data modelinin qurulmasının iqtisadiyyatda mühüm rolundan geniş bəhs edib. O, kreativ iqtisadiyyatın müxtəlif sektorları arasında məlumat axınını təmin etməklə, ekosistem yaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyin mümkün olduğunu vurğulayıb. Təqdimatda sahibkarlığın bir ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğu və bunun üçün şərait yaradılmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, kreativ iqtisadiyyatda informasiya piramidasının yaradıcı fəaliyyətlərin effektiv idarə olunması, innovasiyaların təşviqi və bazar tendensiyalarına uyğun qərarlar qəbul etmək üçün vacib olduğu söyləyib və informasiya piramidasının elementləri haqqında ətraflı məlumat verilib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının daha bir nümayəndəsi Kübra Karataş isə “Modelin çərçivəsi, strukturu və indikatorları” mövzusunda məruzə edib. O, kreativ iqtisadiyyatın strukturu və komponentləri haqqında ətraflı məlumat verib, Kreativ İqtisadiyyat Data Modelinin kreativ iqtisadiyyatda fəaliyyət göstərən müxtəlif sahələr arasında məlumatların toplanması, təsnifatı, analizi və istifadəsini təmin edən bir məlumat strukturu olduğunu vurğulayıb. Qeyd olunub ki, bu model kreativ iqtisadiyyatın dəyər zəncirinin hər bir mərhələsində qərarların daha dəqiq qəbul edilməsi baxımından xüsusi önəm daşıyır.
Regional seminara onlayn rejimdə qoşulan professor Vanus James indeks metodologiyası və məlumat mənbələri, onlara olan tələblər barədə danışıb.
Sonra seminar iştirakçısı Felipe Buitrago “Məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər” mövzusunda təqdimatla çıxış edib. Bu sahədə mənbələrin müəyyən edilməsi sahəsində mövcud problemlər haqqında danışan məruzəçi məlumatların parçalanması, məlumat keyfiyyətinin dəyişkənliyi, məlumatlarda məhdud əlçatanlıq kimi məsələlərin informasiya mənbələrinin müəyyən edilməsinin əsas problemləri olduğunu vurğulayıb.
Daha sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi Valeria Brusnikinanın “Kreativ aktivlərlə rəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi” mövzusun məruzəsi dinlənilib. O, çıxışında kreativ sənayelərin ekosistemi, müəlliflik hüququ obyektlərinin yaradılması, qorunması, monetizasiyası, müxtəlif rəqəmsal platformalarda istifadəsi və monitorinqi, qeyri-qanuni istifadənin qarşısının alınması məsələlərindən ətraflı bəhs edib.
Tədbirdə Filippinin misalında təcrübənin öyrənilməsi və “Subregional hazırlığın qiymətləndirilməsi: Kreativ iqtisadiyyatın milli statistik perspektivləri” mövzusu ətrafında müzakirələr təşkil olunub. Regional seminarın iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təşəkkürlərini çatdırıblar.
Bununla da, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işini başa çatdırıb.
Qeyd edək ki, Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan iki günlük beynəlxalq tədbirdə qurumu təmsil edən nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.
M.QULİYEV
XQ