Cənubi Koreya Respublikasının altı müxalifət partiyası prezident Yun Seok Yeola impiçment elan edilməsi üçün vəsatət təqdim edib.
Modern.az xəbər verir ki. bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Həmin ölkənin qanunvericiliyinə görə, məsələnin səsverməsi plenar iclasda müzakirə edildikdən sonra, yerli vaxtla dekabrın 5-də gözlənilən 24-72 saat ərzində keçirilməlidir.
Bu o deməkdir ki, impiçment səsverməsi dekabrın 6-da və ya 7-də keçiriləcək. Prezidentin vəzifəsindən kənarlaşdırılmasını təklif edən sənədi 191 deputat dəstəkləyib.
Təşəbbüs lazımi sayda səs toplayarsa, məsələ Konstitusiya Məhkəməsinə göndəriləcək. İşə Konstitusiya Məhkəməsində baxılarkən prezidentin səlahiyyətləri dayandırılacaq. Onun vəzifələrini baş nazir yerinə yetirəcək.
Xatırladaq ki, Yun Seok Yeol bundan əvvəl Şimali Koreyadan gələn təhdidlərə əsaslanaraq dünən ölkədə hərbi vəziyyət tətbiq etmişdi, lakin ölkə parlamentinə nəzarət edən müxalifət hərbi səddi keçərək, Milli Assambleyaya daxil olub, daha sonra prezidentin qərarını ləğv edib.
Daha sonra keçirilən növbədənkənar iclasda müxalifət ölkə başçısını vəzifəsindən azad etmək və onu dövlətə xəyanət ittihamı ilə mühakimə etmək niyyətində olduğunu bəyan edib.
“Çosun İlbo” qəzeti yazır ki, Cənubi Koreya hökumətinin bütün üzvləri hərbi vəziyyətin tətbiqindən və onun sonradan götürülməsindən sonra istefa verməyə hazır olduqlarını bildiriblər.
Baş nazir Han Duk Sunun ofisi bunu təsdiqləyib, lakin yekun qərarın onun kabinet üzvləri ilə bu gün keçiriləcək görüşündən sonra veriləcəyinə aydınlıq gətirib..