EN

"Azərbaycan 21-22-ci ildə bizim torpaqlarımızı işğal etdi"- Bu fikri deyən sülh istəyir?

Image

Akif Nağı: "Ermənistanın müharibə etmək fikri var, işğalçı niyyətlərindən hələ də əl çəkməyiblər"

Azərbaycan mətbuatında Ermənistanın Azərbaycana qarşı yeni müharibə hazırlaması ilə bağlı dərc olunan yazılara toxunan baş nazir Nikol Paşinyan qeyd edib ki, bu nəşrlərdə əsas tezis ondan ibarətdir ki, Ermənistan və şəxsən baş nazir daxili siyasi səbəblərdən guya Azərbaycana qarşı müharibəyə başlamalıdır.

“Bu arada istənilən müşahidəçi görə bilər ki, əksinə, daxili siyasi səbəblərdən regionda vəziyyətin sabit olması hakim komanda və şəxsən mənim üçün faydalıdır”, - Paşinyan bildirib.

“Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur, çünki əslində biz siyasi səviyyədə daha bir hüquqi addım atmışıq və Alma-Ata Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq”, - deyə baş nazir bildirib.

O, 2021 və 2022-ci illərdə guya Ermənistana qarşı təcavüzləri və Ermənistanın 200 kvadrat kilometrdən çox ərazisinin işğalını xatırladıb. 

“Amma biz onu da bildirdik və bildiririk ki, bizim gündəliyimizə bu ərazilərin probleminin hərbi yolla həlli məsələsi daxil deyil və olmayacaq. Sərhədin delimitasiyası komissiyalarının əsasnamələrinin və sərhədlərin delimitasiyası prosesinin təsdiqi bizə imkan verir ki, bütün bu məsələləri danışıqlar və hüquqi əsaslarla həll edək”.

Paşinyanın fikirlərində ziddiyyət ondan ibarətdir ki, o, bir tərəfdən Azərbaycan mediasının iddialarını təkzib etməklə müharibəyə hazırlaşmaq fikrinin olmadığını deyir, digər tərəfdən isə Azərbaycanı 2020-2022-ci illərdə Ermənistana təcavüzdə günahlandırır və ərazilərinin 200 kvadrat kilometrinin işğal olunduğunu iddia edir. Torpaqlarının işğal edildiyini iddia edən dövlət onun azad edilməsinə hazırlaşmalıdır axı.

Yeri gəlmişkən, erməni siyasi və ictimai xadim, kinorejissor, Ermənistan Avropa Partiyası İdarə Heyətinin sədri, Ümumavropa İttifaqının Ermənistan bölməsinin Rəhbərlər Şurasının sədri Tiqran Xzmalyan "X" sodilal şəbəkə hesabında yazır:

"Ukrayna Aİ və NATO-ya inteqrasiyasını asanlaşdırmaq üçün müvəqqəti olaraq Krımın ilhaqına icazə verə və bununla da öz iqtisadi və siyasi potensialını gücləndirə bilər. Artsax məsələsində Ermənistan da eyni yanaşmanı  tətbiq edə bilər".

Sizcə, Paşinyanın hansı fikri daha ağılabatandir?

Siyasi şərhçi Akif Nağı baki-xeber.com-a açıqlamasında bildirdi ki, dil insanlara, xüsusilə siyasətçilərə fikirlərini gizlətmək üçün verilir: "Ona görə də biz bu məsələyə Paşinyanın dediyi sözlərə görə deyil, atdığı addımlara görə qiymət verməliyik. İndiyə qədər Paşinyan vədlərinə əməl etməyib, verdiyi vədlərin əksinə hərəkət edib. Düşünürəm ki, o, Azərbaycana qarşı hansısa aqressiya həyata keçirmək istəyir. Bu, genişmiqyaslı da ola bilər, lokal xarakter də daşıya bilər. Bu, Paşinyana xaricdən verilən dəstəkdən asılı olacaq. Hərbi dəstək böyük olarsa, Ermənistan Azərbaycana qarşı genişmiqyaslı, dəstək az olarsa, lokal xarakterli hücum həyata keçirmək fikrindədir. Ona görə də Paşinyan Azərbaycanı "işğal"da günahlandırır. Bu, ermənilərin ənənəvi mövqeyidir. 2021-ci ildən bəri Ermənistan iddia edir ki, guya Azərbaycan Qərbi Zəngəzur istiqamətində hansısa əraziləri tutub və onu Ermənistana qaytarmalıdır. Onlar təbliğatı bu yöndə qurur, xeyli beynəlxalq və regional təşkilatlar da onların bu fitnəsinə uyur - ya inanırlar, ya da özlərinə sərf etdiyinə görə bunu həqiqət kimi qəbul edirlər. Həmin təşkilatlar bəyan edir ki, "Azərbaycan işğal etdiyi ərazilərdən çıxmalıdır". Paşinyan əslində bu düsturu təkrarlayır.

Əgər Paşinyan məsələləri sülh yolu ilə həll etmək istəyirsə, onda yalançı "işğal faktı"nı niyə ortaya atır? Deməli, məqsəd odur ki, beynəlxalq ictimaiyyətdə Azərbaycanın Ermənistan torpaqlarını işğal etdiyi barədə rəy formalaşdırılsın. Özlərini də sülhpərvər kimi göstərirlər ki, biz bunu müharibə yolu ilə deyil, delimitadiya zamanı həll etməyə ümidliyik. Əsas odur ki, ernənilər bu "işğal faktı"nı qabardırlar. Bunu beynəlxalq ictimaiyyətə qəbul etdirəndən və özlərinə gələndən sonra onlar bizə qarşı hərbi əməliyyata başlayacaqlar.

Paşinyanın vədlərinə heç cür inanmaq olmaz. Sual olunur, Ermənistan müharibə etməyəcəksə, bu qədər zəif büdcə ilə nəyə görə sürətlə silahlanır? Ola bilsin ki, bəzi ölkələr Ermənistana güzəştlə silah satır, amma hər halda bu xərclər onun büdcəsinə uyğun deyil.

Qərb, ola bilsin ki, Ermənistandan Rusiyaya qarşı da bir meydanca kimi istifadə etsin. Amma Azərbaycana qarşı yönəlmə daha inandırıcıdır. Çünki Azərbaycan Ordusu onları darmsdağın edib. Bu bir dövlət üçün faciəvi bir məsələdir. Belə məğlubiyyətdən sonra adətən ölkədə mənəvi-psixoloji çöküş başlayır, bu artıq Ermənistanda özünü göstərir. Ona görə də Ermənistan öz "milli qürurunu" bərpa etmək üçün  bizimlə qalibiyyətli bir savaşa ehtiyac duyur. Məsələn, İkinci Dünya müharibəsində Pörl-Harbora hərbi bazasına yaponların hücumu, orada 2,5-3 min arası ABŞ hərbiçilərinin öldürülməsi Amerika cəmiyyətini şoka salmışdı. ABŞ bu şokdan çıxmaq, milli qürüru bərpa etmək üçün təcili yollar axtardı və belə qərara gəldi ki, Tokio bombalanmalıdır. Məsafə uzaq olduğuna görə bu qeyri-real görünürdü. Ovaxtkı təyyarələrin yanacağı ABŞ-dan Yaponiyaya gəlməyə yetirdi, geri qayıtmağa yanacaq çatmırdı. ABŞ fanatlar tapdı ki, onlar gedib Tokionu bombaladı və bu, cəmiyyətdə ruh yüksəkliyi yaratdı. Yalnız bundan sonra ABŞ İkinci Dünya müharibəsinə qoşuldu. Oxşar prosesi biz ötən əsrin 80-ci ilkərində İngiltərə ilə Argentina arasında müşahidə etdik. İngiltərənin müstəmləkəsi olan Folklend adalarını Argentina (əvvəllər Argentina ərazisi olub) nəzarətə götürdü. İngiltərə cəmiyyətində də belə bir rəy var idi ki, ölkədən min kilometrlərlə uzaq adalardan əl çəkmək lazimdır. Amma Marqapret Tetçer geri çəkilmədi ki, bu, dövlətimizin qürurunu zədələyib. Adalara əsgər göndərdi, 300 əsgər itirdi, amma adalara nəzarəti bərpa etdi. Həmin əsgərləri bütün ölkə ayaq üstə qarşıladı. Buna bənzər hadisələr Yaxın Şərqdə də baş verib.

Ermənistan da öz "qüruru"nu əzilmiş, təhqir edilmiş sayır, ona görə də Azərbaycanla qalibiyyətli bir toqquşma istəyir. İmkanları olsa, Azərbaycan ərazilərini yenidən işğal edərlər. Ermənistanın müharibə etmək fikri var, işğalçı niyyətlətindən hələ də əl çəkməyiblər. Azərbaycan Ermənistan hökumətinin sülhlə bağlı dediklərinə inanmamalıdur, həmişə müharibəyə hazır olmalıdır. Azərbaycanın hərbi doktrinasında da bu məsələ qeyd edilib və hələ uzun müddət bu məsələ gündəmdə saxlanılmalıdır".

Dəniz NƏSİRLİ





Chosen
40
50
baki-xeber.com

10Sources