EN

Tərcüməçilər üçün ətli yemək

Deyir, ölkəmizdə təzə xəstəlik yayılmışdır, ona mübtəla olanlara ət yemək olmazmış. 

Belə yerdə deyiblər ki, bir üzümüz güləndə, o biri üzümüz ağlayır. Xəstəliyin yayılması pis olsa da, ət yeməyin qadağan edilməsi yaxşı haldır. Prinsipcə, bu dəqiqə millətin çoxu həmin xəstəliyə zor-xoş yoluxubdur - ətin qiyməti baxımından. Bu temada yaxşı ata sözü də var: “Verərsən ətdən-mətdən, İşlərəm bərkdən-bərkdən. Verərsən şordan-mordan, İşlərəm ordan-burdan”. Yəni keçmişdə işlərin yaxşı getməsi üçün zəhmətkeşlərin ət yeməyi vacib idi. İndi vacib deyil. Xəstəlik yayılıb. 

Ta keçib, bir dənə də özbək qardaşlarımızdan misal çəkək. Orada belə ata sözü var: “Qırx yaşacan quzu ye, qırxdan sonra quzunun yediyini ye”. Həqiqətən, insan müəyyən yaşa gəlib çatandan sonra orqanizm ot-ələf, meyvə-tərəvəz yeməyi daha müsbət qarşılayır. 

Hərçənd yemək-içmək temasında çoxlu miflər, əfsanələr, uydurmalar da dolaşır. Məsələn, Uinston Çörçillin erməni konyakını çox sevdiyi haqda rəvayəti hamımız eşitmişik. Ermənilərin yalançı reklamı sayəsində. Halbuki Çörçillin erməni konyakını cəmi 1 dəfə, Stalinlə Yalta görüşü zamanı içməsi təxminən məlumdur, qalanı boş söhbətdir. Hətta Çörçillin tərcümeyi-halını araşdıranlar bu işi xüsusi öyrəniblər, məlum olub tamam uydurmadır. 

Ötən yazımda da müjdə vermişdim, təndir çörəyimizin YUNESKO irsi siyahısına salınması haqda xəbər dolaşır. Orda belə siyahılar çoxdur, YUNESKO-da işləyən lotular acanda tərtib edib düşürlər dünya məmləkətlərinin canına. Ancaq bütün hallarda xoş xəbərdir. Ümid edək kiminsə ağlına gələr, Bakıda “Nənəmin təndiri” obyektlərinin bir böyründə də “YUNESKO-nun təndiri” açılar. Lazımdır. Fəaliyyəti genişləndirib təndir çörəyinin yanında motal pendirini də dünya mədəniyyəti irsi siyahısına salmalıyıq. Başqa mədəniyyətimiz yoxdur deyəsən. Kitab sərgisinə manısları göndərmişdik keçən ay. 

Yaxşı ağlıma gəldi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təzəlikcə ləğv edildi. Bunun səbəblərini bizə izah edən olmadı. Mərkəz nəyisə yanlış tərcümə etmişdirmi? Yoxsa ora ayrılan qəpik-quruşa dövlət büdcəmizin daha kəskin ehtiyacı yaranmışdır? Bilmirik. Heç kim də bilmir. Onsuz ərazidə baş verənlər uca millətə çox sonralar çatır və ya çatdırılır. Yaxud heç çatmır. 

Ancaq tərcümə işi ciddi işdir və dövlətin belə ədəbi-bədii tərcümə mərkəzini maliyyələşdirməyə davam etməyi yaxşı olardı. Mirmehdi Seyidzadə adlı şairimiz olub 20-ci əsrdə, onun zarafatla dediyi şeir var: “Əyləşirəm hər cümə, Eləyirəm tərcümə. Çünki bu lazım olur, Xırda-xuruş xərcimə”. Həqiqətən, SSRİ-nin bəzi dövrlərində Pasternak, Svetayeva, Əhməd Cavad kimi yazıçılar öz sözlərini yazmağa imkan, icazə tapmayanda tərcümə ilə dolanıblar, başlarını girləyiblər. Yoxsa bizdə yaradıcı adamlara bu qapını da bağlamaq lazım gəlmişdir? Nəsə, çox qəliz məsələdir. Lap müqəddəs kitabda deyilən kimidir: “Bunun sirrini heç kimə açmadılar”. 

Yadımdan çıxmamış, bir gözəl film də var, “Tərcümənin çətinliyi” adlanır. 2003-cü ildə Sofya Koppolanın rejissorluğu, Bill Mürrey kimi gözəl aktyorun iştirakı ilə çəkilmişdir. Məsləhətdir baxasınız. Hərçənd adı aldadıcıdır, burada tərcüməçi peşəsi və bizim NK yanında TM barədə heç zad yoxdur. (Ola bilər var. Gərək təkrar baxım, bəzi detalları unutmuşam). 

Təndiri saldıq, bəs tərcümə sənətimizi də YUNESKO irsinə daxil edə bilərikmi?

İndi söz əlaqədar təşkilatlarındır. 

Chosen
11
musavat.com

1Sources