EN

Berezutski "Sabah"a müsbət təsir etməyi necə bacarıb? - Əcnəbi forvarddan açıqlama

"Sabah"ın forvardı Neqoş Kupusoviç Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"u penaltilər seriyasında məğlub etdikləri matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Əzmkar qələbə barədə nələr deyə bilərsən?

- Çətin oyun oldu. Püşk bizi bu mərhələdə ən çətin rəqiblə qarşılaşdırdı. Tovuzdakı qarşılaşma gözlədiyimiz kimi asan keçmədi. Bizim üçün çətin və vacib qələbə idi. Buna nail olmağımız sevindiricidir.

- Oyun sənin üçün iki qat uğurlu oldu. Həm komandanı xilas etdin, həm də "Sabah"da ilk qolunu vurdun. Bu barədə nələr deyə bilərsən?

- Qol vurmaq hər zaman xoşdur. Xüsusilə bu qol sənin komandana uğur qazandırırsa. Amma ən əsası komandanın qalib gəlməsi idi. Qol vurduğuma və növbəti mərhələyə adlamağımıza görə çox şadam.

- Vasili Berezutskinin gəlişindən sonra nəticələrdə müsbət dinamika var. Yeni baş məşqçi qısa müddətdə sizə bu cür müsbət təsir etməyi necə bacardı? Rusiyalı mütəxəssis barədə ilkin təəssüratların necədir?

- Vasili Berezutski yeni təyin olunub. O, qısa müddətdə komandaya öz oyun sistemini uyğunlaşdırmağa çalışır. Komanda da buna uyğunlaşmaq üçün məşqlərdə var qüvvəsi ilə çalışır. İnanıram ki, yeni baş məşqçimizlə hədəflərimizə çatacağıq.

- Uzun müddət davam edən susqunluğun nə ilə bağlıydı? Azarkeşlər bundan sonra sənə daha çox inana bilərmi?

- Düzdü, indiyə kimi özümü göstərmək üçün kifayət qədər zaman qazana bilməmişəm. Lakin özümə inanıram. Həm mən, həm də komanda yoldaşlarım “Sabah” üçün daha çox qol vurmaq istəyirik.

XANOĞLAN İMANOV

Chosen
26
sportinfo.az

1Sources