Azərbaycanda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfrans çox yüksək səviyyədə təşkil olunub.
Day.Az xəbər verir ki, bu barədə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfrans çərçivəsində Gürcüstan Parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev jurnalistlərə açıqlamasında deyib
O qeyd edib ki, bu konfrans ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcək.
"Fürsətdən istifadə edib, ölkənizdə keçirilən növbədənkənar parlament seçkilərinə görə Azərbaycan xalqını təbrik edirəm. Düşünürəm ki, bu cür konfransların keçirilməsi Azərbaycanın inkişafına, qonşu ölkələrlə əlaqələrin inkişafına imkan verəcək", - deyə o əlavə edib.
O əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentləri arasında mütəmadi şəkildə birgə layihələr həyata keçirilir, müzakirələr aparılır.
Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.
Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.