EN

Qətərdə 22-ci Doha Forumu başlayıb

Bu gün Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu başlayıb.

AZƏRTAC Qətərin informasiya agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək forumun açılış mərasimində Qətər Dövlətinin, Seneqal, Dominikan, Namibiya, Bosniya-Herseqovina, Qazaxıstan, Ruanda və Mərkəzi Afrika Respublikalarının dövlət başçıları, ümumilikdə 150-dən çox ölkədən 4 min 500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak edib.

Azərbaycanın da təmsil olunduğu forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə ediləcək. Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş, humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edir.

Forumun builki sessiyaları mövcud çağırışlar və siyasət, iqtisadiyyat, təhlükəsizlik və texnologiya sahələrindəki qlobal dəyişikliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Sessiyaların əsas mövzularına “Ağıllı iqtisadiyyatlar dövründə rəqabət”, “İnnovasiyanın zəruriliyi: Qlobal inkişaf üçün texnologiyanın idarə olunması”, “Mədəniyyətlərarası dialoqun sülh şəraitində birgəyaşayışa töhfəsi” və “Platformaların gücü: Qlobal böhranlarda sosial şəbəkə influenserlərinin artan rolu” daxildir.

Forum həmçinin mövcud böhranlara və onların yaratdığı çağırışlara diqqət yetirir. Bu kontekstdə “Beynəlxalq humanitar hüququn və məsuliyyətin gücləndirilməsi”, “Sülh müqavilələri hələ də qüvvədədirmi?” və “Qəzzada müharibə fonunda ərəb ictimai rəyinin dəyişən tendensiyaları” kimi mövzular ətrafında müzakirələr aparılır. Bundan əlavə, “Qlobal sülh və davamlı inkişaf naminə BMT Nizamnaməsinin gələcək üçün gücləndirilməsi” mövzusunda sessiyalar təşkil olunur.

Forumun diqqət çəkən digər sessiyalarına “İqtisadi təhlükəsizliyin gücləndirilməsi: Qlobal əməkdaşlıq və texnologiya suverenliyi arasında tarazlığın əldə edilməsi”, “Qlobal idarəetmə və siyasət: Seçkilərdən bir il sonra mümkün irəliləyişlər” daxildir.

“Dəyişiklik üçün birlik: Yoxsulluq və aclığa qarşı qlobal alyans” adlı sessiyada Braziliyada keçirilmiş G20 zirvəsində elan edilən alyansın aspektlərinə diqqət çəkilir. “Davamlılıq və innovasiya: münaqişə və postkonflikt dövrlərində qadın və qızlara dəstək” mövzusunda keçiriləcək sessiyada isə münaqişə bölgələrində qadınlara dəstək yolları müzakirə ediləcək.

Forumun mühüm mövzularından biri də müasir geosiyasi çağırışlara qarşı çevik diplomatik strategiyalar, qlobal sərmayələr və strateji tərəfdaşlıqlar vasitəsilə dayanıqlılığın və inkişafın təmin edilməsidir. “Koordinasiya olunmuş humanitar diplomatiya strategiyası qlobal böhranlara reaksiyada dönüş yarada bilərmi?” sualı ətrafında müzakirələr aparılır.

Builki tədbirdə təhsil, mədəniyyət və müvafiq çağırışlarla bağlı məsələlərə də xüsusi diqqət yetirilir. Əsas sessiyalarda “Qarışıqlıq dövrlərdə təhsilin beynəlmiləlləşməsi: İmkanları, çağırışları və riskləri anlamaq”, “Mədəniyyətin gücü: XXI əsrdə qlobal diplomatiya”, “Sənət vasitəsilə dialoq və müxtəlifliyin təşviqi” və “Təhsil böhranını həll etmək üçün gələcəyin maliyyələşdirilməsi” mövzuları müzakirə olunur.

İştirakçılar, həmçinin Asiya-Sakit okean regionunun Yaxın Şərqdə sülh və münaqişələrin həllində rolu, kriptovalyutalar və süni intellekt kimi yeni alətlərin kibercinayətkarlıqda istifadəsinə qarşı mübarizə, Mərkəzi Asiya və qlobal enerji təhlükəsizliyində yeni dövr, kosmos yarışında rəqabət və texnoloji innovasiya kimi məsələləri də müzakirə edirlər.

Forum çərçivəsində Qətərin vasitəçilik və qlobal sülh quruculuğu sahəsindəki səylərini əks etdirən “Sülhə aparan yol” adlı sərgi də keçirilir.

Doha Forumunun missiyası, siyasətçilər, biznes liderləri və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm platforma yaradaraq qlobal çağırışlara birgə həll yolları tapmaq üçün fikir mübadiləsi aparmaqdan ibarətdir.

21-ci Doha Forumu 2023-cü ilin dekabrında baş tutub. Tədbirdə 120 ölkədən 3 min 500-dən çox qonaq və 270-dən çox spiker iştirak edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
52
2
xalqqazeti.az

3Sources