EN

"Mənim xəyalım “Neftçi”də oynamaq olub"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Neftçi" - "Difai" matçından (6:0) sonra "ağ-qaralar"ın yarımmüdafiəçisi Murad Məmmədov apasport.az saytına müsahibə verib.

- Böyükhesablı qələbə qazandız. Oyun barədə fikirlərin...
- Matç bizim üçün yaxşı keçdi. İstədiyimiz nəticəni əldə etdik. Tapşırıqları meydanda reallaşdırmağa çalışdıq. Bu görüş barədə çox danışmaq lazım deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Növbəti oyuna hazırlaşmalıyıq.

- Rəqib qapısından 6 cavabsız top keçirdiz. Demək olar ki, “Qarabağ”a məğlubiyyətin hirsini çıxdız?
- Bu gün meydana bunun üçün çıxmamışdıq. Komandada elə bir hiss yox idi. Sadə futbol nümayiş etdirdik. Rəqibə yuxarıdan-aşağı baxmırıq. Sadəcə öz işimizi gördük.

- Kubokda şanslarınızı necə dəyərləndirirsən?
- Məncə, şanslarımız böyükdür. Geriyə bundan faydalanmaq qalır. Finala qədər irəliləməyi hədəfləyirik. Kuboku qazanıb azarkeşlərimizi sevindirmək niyyətindəyik.

- “Neftçi”nin çempion olması artıq möcüzəyə bərabərdir. Bütün gücü kuboka yönəldəcəksiz?
- Premyer Liqada da uğurlu mübarizə aparmaq niyyətindəyik. Çalışırıq ki, mövqeyimizi yaxşılaşdıraq. Heç vaxt təslim olmuruq. Hər iki turnirdə bacardığımız qədər irəliləmək istəyirik.

- Həftəsonu “Sumqayıt”la çempionat oyununuz var. Rəqibi necə qiymətləndirirsən?
- “Sumqayıt” yaxşı klubdur. Maraqlı görüş alınacaq. Həmin oyuna bütün gücümüzlə hazırlaşacağıq. Məqsəd yalnız 3 xaldır. Rəqibi məğlub etdiyimiz halda, artıq xallar bərabərləşəcək. Meydanda sona qədər vuruşacağıq.

- Qısa bir zamanda azarkeşlərin sevimlisinə çevrildin. Onlara nə demək istərdin?
- Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların dəstəyi olmadan bu yerlərə gələ bilməzdim. Fanatlarımız həm pis, həm yaxşı günümüzdə yanımızda olurlar. 10 ildir ki, “Neftçi”nin şərəfini qoruyuram. Bu, mənim üçün çox böyük motivasiyadır. Çalışacam ki, bütün gözləntiləri doğruldum.

- Bütün karyeranı “Neftçi”də keçirmisən. Yetirməsi olduğun klubun əsas heyətində oynamaq necə hissdir?
- Mənim xəyalım “Neftçi”də oynamaq olub. Uşaq yaşlarımdan bu klubu sevirəm. Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm. Hər bir gəncin xəyalıdır ki, yetirməsi olduğu klubun əsas komandasında şans qazansın. Buralara gəlmək mənim üçün böyük fəxrdir. Arzularımı reallaşdırmağa davam edəcəm.

Chosen
62
sportinfo.az

1Sources