EN

SURİYANIN ÇIRAĞI- ANALİZ

Bəşər Əsəd rejimi süquta uğradı. Yaxın və Orta Şərqdə BƏƏS rejimlərinin ən çox müqavimət göstərən qalası da çökdü. Bundan sonra Suriyanı nə gözləyir? İndi düşüncələri məşğul edən əsas sual budur. Suriyanın post-Əsəd dövrü ilə bağlı müzakirələr geniş spektrda təhlil olunur.

Prosesə pozitiv rakursdan baxsaq, Suriyanın qarşısında dayanan bir neçə önəmli məsələ var.

Birincisi, Suriyada artıq baş vermiş hakimiyyət dəyişikliyi mürəkkəb bir siyasi keçidi labüd edir. Dəməşqi ələ keçirən qüvvələr artıq dövlət bayrağını da dəyişiblər ki, bu, özlüyündə həmin keçidin rasional və planlı şəkildə baş tutacağına bəribaşdan şübhə yaradır. Əsəd hökumətinin qalıqları, Suriya müxalifəti və beynəlxalq ictimaiyyət demokratik keçidi dəstəkləsə də, ölkənin heterogen etnik və dini tərkibi bu prosesi çətinləşdirə bilər. Yeni konstitusiya hazırlanması, seçkilərin keçirilməsi və güc bölgüsü məsələləri əsas problemlərdən olacaq.

İkincisi, Suriyanın gələcəyi artıq Suriyanın özündən çox, Rusiya, İran, İsrail, Türkiyə və ABŞ kimi regional və beynəlxalq güclərin maraqlarına bağlıdır. Post-Əsəd dövründə bu aktorların təsiri yeni hökumətin xarici siyasət istiqamətlərini müəyyən edə bilər. Xüsusilə Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları ABŞ və digər Qərb ölkələrinin yanaşmaları ilə üst-üstə düşməyə bilər. Bununla belə, Türkiyə Suriyada hazırda ən güclü beynəlxalq aktordur və bölgənin yenidən dizayn edilməsində aktiv rol alacaq. Əsəd rejiminin Azərbaycanın iki əsas müttəfiqi- İsrail və Türkiyə ilə dərin problemləri vardı. BƏƏS hakimiyyətinin çökməsi ilə həm İsrail, həm də Türkiyə regional nüfuzunu gücləndirir və bu, Azərbaycan üçün yeni imkanlar formalaşdırır.

Üçüncüsü, vətəndaş müharibəsi ölkə iqtisadiyyatını ciddi şəkildə məhv edib. İnfrastrukturun bərpası, qaçqınların və məcburi köçkünlərin geri qayıtması, iş yerlərinin yaradılması üçün böyük investisiyalara ehtiyac olacaq. Beynəlxalq donorlar və təşkilatlar bu prosesdə mühüm rol oynaya bilər, lakin bunun üçün Suriyanın ilk növbədə siyasi sabitliyə ehtiyacı var.

Dördüncüsü, Suriyanın gələcəyi etnik və dini qrupların sülh içində birgə yaşamasını təmin etməkdən asılıdır. Ərəb, kürd, türk, ələvi, sünni, xristian və digər qruplar arasında münasibətlərin normallaşdırılması uzunmüddətli barışıq üçün vacibdir. Bu, yalnız siyasi deyil, həm də sosial və mədəni tədbirləri əhatə etməlidir.

Beşincisi, vətəndaş müharibəsi dövründə parçalanmış Suriyada cəmiyyətinin bərpası üçün təhsil, səhiyyə və sosial xidmətlərin yenidən qurulması zəruridir. Gənc nəslin radikallaşmasının qarşısını almaq və yeni cəmiyyət quruculuğunda iştirakını təmin etmək əsas prioritet olmalıdır.

Altıncısı, silahlı qruplar və terror təşkilatları Suriyanın gələcəyi üçün ən ciddi təhlükələrdən biridir. Bu problem aradan qaldırılmasa, Suriyada dinc və sabit bir cəmiyyətdən danışmaq mümkün deyil.

Bütün bunlar, dediyimiz kimi, Suriyanın gələcəyinə hələ ümid dolu baxışlardır. Lakin reallıqda Suriyanın post-Əsəd dövründə üzləşəcəyi çətinliklər daha mürəkkəb və dərin olacaq. Gəlin, daha realist və pessimist bir yanaşma ilə bu vəziyyəti də təhlil edək.

Chosen
71
aznews.az

1Sources