Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Musavat.com-un suallarını cavablandırıb.
- Suriyada baş verən hadisələri necə şərh edərdiniz? Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığındı. Hazırda hakimiyyətə Suriya müxalifəti rəhbərlik edir. Sizcə, proseslər bundan sonra necə cərəyan edəcək?
- Suriyada bundan sonra hər cür qurumun, dinin, etnik tərkibin bərabər şəkildə təmsil edildiyi bir hökumətin qurulması və dövlətin fəaliyyət göstərməsi mövzusu önəmlidir. Bu proses baş verəcək və bunda təbii ki, riskli və sıxıntılı müddət bölgələr və idarəetmə mövzusunda olacaq. Bu məsələdə razılığa gəlmək xüsusi ilə önəmlidir. Bu baş verməzsə, ölkə federativ formada idarə olunacaq, ən azı 4 bölgəyə bölünəcək. Daha dəqiq desək, İraq nümunəsinə çevriləcək.
Bu an etibarı ilə bütün qruplar, bu işə qoşulan qüvvələr ortaq idarəetmə ilə bütöv Suriya mövzusunda fikir yürüdür. Bunun baş tutub-tutmayacağını zaman göstərəcək.
- Digər məsələ dünyanın müxtəlif yerlərinə səpələnmiş suriyalı qaçqınlarla bağlıdır. Onların böyük əksəriyyəti Türkiyədə cəmləniblər. Fikrinizcə, onlar biryolluq geri qayıdacaqlarmı? Türkiyənin bu məsələdə tələbi necə olacaq?
- Qeyri-rəsmi statistikaya görə, Türkiyədə 7 milyona yaxın suriyalı qaçqın var. Onların bir qismi geri dönməyə başlayıb. Sülh və ədalət mövzusu gerçəkləşərsə və təhlükə görməzlərsə, dönüşlər gerçəkləşəcək. Mən ölkə xaricinə qaçan suriyalıların hamısının geri dönəcəyini düşünmürəm. Çünki getdikləri ölkədə ailə və iş quran, həyatını stabilləşdirən insanlar var. Bu mənada Suriyada vəziyyət normallaşan zaman qaçqınların 60-70 faizi geri dönəcək.
- Fikrinizcə, Əsəd hakimiyyəti niyə belə tezliklə süqut etdi? Əsas dayaqları olan İran və Rusiya ona qahmar çıxmadı. Buna səbəb nə idi?
- Düşünmürəm ki, Əsəd hökuməti tez bir zamanda çökdü. Əslində baş verənlər 9 ildir davam edən hazırlığın nəticəsidir. Suriya müxalifətinin silahlanması, ordu qurması, savaş gücünü artırması və uyğun zamanı gözləməsi üst-üstə düşür. Prosesi sürətləndirən hadisə isə Rusiyanın Ukrayna ilə müharibə nəticəsində, İranın isə İsraillə münaqişəyə görə zəifləməsidir. Digər məsələ isə Livan və Suriyada Hizbullahın təsirsiz hala gətirilməsidir. Beynəlxalq koalisiya Əsədin getməsini dəstəkləyirdi. Çin də daxil digər dövlətlərin bu mövzuda öz sözünü deməməsi Əsəd hakimiyyətinin çöküşünü sürətləndirdi. Hər şey 12 gün ərzində olub bitmədi. Bunun arxa planları var.
- Bəşər Əsəd Suriyadan qaçmazdan öncə İordaniya, BƏƏ və Misir prezidentlərindən də kömək istəmişdi. Onlar isə Əsədə yardımdan imtina etmişdilər. Əsəd niyə meydanda tək qaldı. Hətta ərəb ölkələri də ona sığanacaq vermək istəmədilər.
- Çünki Əsəd 13 ildir ki, xalqına zülm edirdi. Minlərlə insan onun yanlış siyasəti nəticəsində həyatını itirdi, milyonlar isə qaçqına çevrildi. Ölkədə ədalət, hüquq yox idi. İqtisadiyyat çökmüşdü. Dünyanın bu mövcud durumunda Əsədin tab gətirməsi mümkün deyildi. Onun bu qədər haqsızlıq etdikdən sonra qalmasının mümkünsüzlüyünü Misir, BƏƏ, İordaniya, hətta Rusiya da gördü. Türkiyənin dəfələrlə "normal hakimiyyət, sistem qur" deməsinə rəğmən, Əsəd şərtlər irəli sürdü. Nəticədə ona sahib çıxan olmadı və tək qalıb süqut etdi.
Şahanə Rəhimli
Musavat.com