"Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbə hazırlığa cəlb olunmasıdır. Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri, ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək" - bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib. Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir.
Nazirin 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma fikri ictimaiyyət arasında narazılığa səbəb olub. Məlumdur ki, qeyd edilən yaşda olan uşaqların əksəriyyəti özü özünü sərbəst idarə edə bilmir, hətta bəziləri düzgün danışa belə bilmir. Belə olan halda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması nə dərəcədə düzgündür? Ümumiyyətlə, 3-4 yaşlı uşaqlara necə yazma-oxuma öyrədəcəklər?
Elçin Bayramlı: “Məktəbəqədər tədris maksimum 6 yaşdan başlaya bilər, o da yüngül formada olmalıdır”
Sosioloq Elçin Bayramlı hesab edir ki, bu addım yolverilməzdir: "Belə bir şey nə məntiqi, nə bioloji, nə də psixoloji olaraq mümkündür. Onsuz da uşaqları həddən artıq yükləmişik. Yaşlarına uyğun olmayan tədris proqramı ilə beyinlərini xarab etmişik. Dünyanın normal ölkələrində tədris proqramı 7 yaşdandır. Ümumiyyətlə dünya pedaqoqlarının, alimlərin çıxışlarında dəfələrlə qeyd olunub ki, 6 yaşlı uşağın beyni müasir tədris proqramını götürməyə qadir deyil. Qəti şəkildə bu yolverilməzdir. Mən hətta 6 yaşdan da uşağın məktəbə getməsinin əleyhinəyəm. Məktəbəqədər tədris isə maksimum 6 yaşdan başlaya bilər. O da yüngül formada olmalıdır. Ümumiyyətlə, məktəbəqədər tədris deyə bir şey yoxdur. Belə bir şey lazım deyil. Uşaq 1-ci sinfə niyə gedir? Hərfləri, rəqəmləri öyrənməyə. Sən bunu məktəbdən əvvəl öyrədəcəksənsə, bəs 1-ci sinifdə nə öyrətmək fikrindəsən? Bunlar 1-ci sinifdən uşaqları yükləyir. İki-üç dil keçirlər. Məsələn, faktiki olaraq rus sektrounda oxuyan uşaqlar eyni zamanda rus, azərbaycan və ingilis dili keçir. Eyni zamanda informatika keçir. Bu, ağlasığmaz bir dəhşətdir. Konkret psixioloji terrordur şagirdlərə qarşı. Belə bir şey yolverilməzdir. Məktəbəqədər tədris ləğv olunmalıdır. Bunun əvəzinə uşaqlar bağçaya cəlb olunmalıdır. Bağçaların sayı artırılmalıdır. Uşaqlar məktəbə bağçada hazırlaşmalıdır. Uşaqların təbii bioloji inkişaf prosesi var və yalnız 7 yaşdan onların beyni tədris proqramını qəbul edir. 3-4 yaşdan bunu etmək mümkünsüzdür. Bu hal yolverilməzdir. Valideynlərə tövsiyə edirəm ki, uşaqlarını 7 yaşdan aşağı olduğu halda məktəbə göndərməsinlər".
Kamran Əsədov: “3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır: “3 yaşlı uşaqların məktəbə başlaması məsələsi təhsil sistemində bir sıra mürəkkəb suallar yaradır və müxtəlif istiqamətlərdən təhlil tələb edir. İlk növbədə, 3 yaşında olan uşaqların fiziki və psixoloji inkişaf xüsusiyyətləri ilə hazırkı məktəbəqədər tədris proqramlarının uyğunluğu məsələsi önə çıxır. Bu yaşda uşaqların diqqəti çox qısa olur və onların əsas marağı oyun, sosial ünsiyyət üzərində qurulur. Bu səbəbdən, formal təhsil proqramlarının tətbiqi onların təbii inkişafını ləngidə bilər. Azərbaycan təhsil sistemində 3 yaşlı uşaqların təhsilə cəlb olunması üçün mövcud imkanların vəziyyətinə nəzər saldıqda, məlum olur ki, ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hələ də aşağıdır. 2019-cu ilin məlumatlarına əsasən, 2-5 yaşlı uşaqların yalnız 28,5%-i məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici sistemin erkən yaş qrupunda təhsil almaq istəyənlər üçün kifayət qədər hazırlıqlı olmadığını göstərir. Məktəbəqədər təhsil müəssisələrinin azlığı, kadr çatışmazlığı və infrastruktur problemləri bu prosesin qarşısında duran əsas maneələrdir”.
Ekspertin fikrincə, hazırda 6 yaşlı uşaqlar üçün istifadə edilən proqram dəyişməz şəkildə tətbiq olunarsa, bu, böyük problemlər yaradacaq: “6 yaşlı uşaqların proqramı daha mürəkkəb və akademik məzmunludur, halbuki, 3 yaşlı uşaqlar üçün oyun əsaslı və inkişafetdirici yanaşmalar daha uyğundur. Beynəlxalq təcrübəyə nəzər yetirdikdə, Finlandiya, İsveç və Estoniya kimi ölkələrdə məktəbəqədər təhsilin 3 yaşdan başladığını, lakin bu mərhələdə əsasən oyun və sosial ünsiyyətin inkişafına fokuslandığını görürük. Formal təhsil bu yaş qrupunda tətbiq edilmir, əksinə, təbii öyrənmə prosesləri dəstəklənir. Azərbaycanda bu yanaşmanın tətbiqi üçün ciddi struktur dəyişiklikləri və əlavə investisiyalar tələb olunur. İlk növbədə, bu yaş qrupu ilə işləyə bilən ixtisaslı pedaqoqlar hazırlanmalıdır. Onların uşaqların psixoloji və emosional ehtiyaclarını dərk etməsi vacibdir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələri uşaqlar üçün təhlükəsiz, əyləncəli və yaradıcı mühit təmin etməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 3 yaşlı uşaqların sosial bacarıqlarının formalaşması və inkişafı əsasdır. Uşaqlarda erkən yaşdan sosiallaşma bacarıqlarının inkişafı yalnız düzgün proqram və metodologiya seçildiyi halda effektiv ola bilər. Əks halda, 3 yaşlı uşaqların fikri və enerjisi məcburi tədris proseslərinə yönəldilərək onların oyun ehtiyacları nəzərə alınmasa, bu, mənfi nəticələrə səbəb ola bilər”.
Günel CƏLİLOVA