EN

Putinə sığınan Əsədə Bakıdan fərqli reaksiyalar

Ekspertlərə görə, Suriyanın gələcəyi barədə indidən danışmaq tezdir; Türkiyə üçün daha təhdid olmayacaq, amma...

Suriyada baş verən hadisələr və Bəşər Əsəd rejiminin devrilməsi hazırda dünyanın əsas gündəmində olan hadisədir. Azərbaycanda da Suriyadakı hadisələrə fərqli baxış bucağı müşahidə edilməkdədir. Bu da daha çox sünni-şiə məzhəbi ilə bağlıdır. 

Ölkə əhalisinin çoxluğunun şiə olduğunu nəzərə alsaq, hakimiyyətdən devrilən Bəşər Əsəddən sonra Suriya xalqı barədə cəmiyyətimiz daxilində yaranan narahatlıq başadüşüləndir. Belə fikirlər var ki, yeni-yeni güclər Suriyada nüfuz qazanmaq eşqinə düşəcəklər, nəticədə bu gün ölkə əgər 4-5 nüfuz dairəsinin marağında idisə, savaş dairəsinə çevrilmişdisə, indi bu say artacaq və faktiki Suriyanın suverenliyinə ciddi təhlükə yaranacaq. 71 illik BAAS Partiyasının və 54 illik Əsəd ailəsinin idarəçiliyindən qurtulan Suriya xalqının gələcəyini daha parlaq görənlər də az deyil.    

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslıya görə, Suriyanın gələcəyi barədə indidən danışmaq tezdir: “Suriyadakı hadisələr düşünürəm ki, regionumuz, əsasən də Türkiyəmiz üçün ilkin görünən odur ki, müsbət gəlişmələrdir. Təbii ki, Türkiyə üçün yaxşı olan bizim üçün də yaxşıdır. Artıq illərdir ki, Suriya xalqını əsarətdə saxlayan, zülmə məruz qoyan bir sülalədən xalq canını qurtardı. Düzdür, bundan sonrakı mərhələ ilə bağlı xeyli sayda suallar meydana çıxıb. Düşünürəm ki, Suriyada əsas məsələlər bundan sonra başlayacaq. Bildiyiniz kimi, orada hələ də PKK-nın ad dəyişdirilmiş formaları fəaliyyət göstərir. Böyük ərazilərə, neft buruqlarına nəzarət edirlər. Yeni qurula biləcək Suriya hökumətinin birinci işi o məsələləri həll etməkdir. Türkiyənin burada rolu, Amerikada növbəti dəfə hakimiyyətə qayıdan Donald Trampın məsələlərə yanaşması necə olacaq, Rusiya-İran bu məsələlərə nə cür yanaşacaq, düşünürəm ki, bu sualların cavabını bilmək üçün qarşıdakı zamanı gözləmək lazım gələcək. Amma ümumən istər Hələbin azad olunması, istərsə də Menbicin azad olunması Türkiyənin sərhədlərinin təhlükəsizliyinin təmin olunması baxımından müsbət dəyərləndirilməlidir. İnşallah, düşündüyümüz kimi olsa, Türkiyənin regionda nüfuz dairəsi artacaq. Artıq Suriya Türkiyə üçün təhdid olmayacaq”.

Vüqar İsgəndərov

YAP-çı deputat Vüqar İsgəndərov çox arzu edir ki, artıq Suriyada günahsız insanların, məsum körpələrin həyatlarını günahsız yerə itirməsi dayansın: “Uzun illərdir ki, bu ölkədə sabitlik yoxdur. Müxtəlif qruplaşmalar, hətta kiçik tayfalara da bölünən qruplar var idi ki, əyalətlərdə bir-biri ilə mübarizə aparırdı. Uzun illər Əsəd rejimi bu ölkədə hakimiyyətdə idi. Son günlərə qədər ölkənin bir hissəsinə nəzarət edirdi. Artıq Suriya müxalifəti digər qüvvələrin də köməyi ilə ölkənin xeyli hissəsində hakimiyyəti əllərinə keçirib. Təbii ki, uzun müddətdir Suriya böyük güclərin bir növ poliqonuna çevrilmişdi. Türkiyədə 4 milyondan artıq suriyalı qaçqın yaşayır. Ən çətin vaxtlarda hamı Suriyanı qoyub qaçan zaman Türkiyə oradakı qaçqınlara humanitar qapılarını açdı və onlara dəstək verdi. Bu günə qədər Türkiyə çətinliklə də olsa həmin insanlara öz ərazisində yaşaması üçün şərait yaradır. Təbii olaraq 4 milyondan artıq insanın bu ölkədə yerləşməsi həmin ölkə üçün bir çox çətinliklər törədir. Buna baxmayaraq, Türkiyə bu məsələnin də öhdəsindən layiqincə gələ bildi. Hazırda müxalifətin lideri sayılan şəxs ölkənin keçid hökumətinin qurulacağını və bunun təxminən il yarım davam edəcəyini bildirir. O, radikal İslamın olmayacağını və ölkədə demokratik üsul-idarə qurulacağını, insanların fundamental hüquqlarının qorunacağını söyləyir. Qarşıda Suriyanı çətin günlər gözləyir. Amma arzumuz bu ölkədə sabitliyin olmasıdır”.

Elman Nəsirov

YAP-çı deputat Elman Nəsirov isə hesab edir ki, Bəşər Əsədin əslində son 13 ildə hakimiyyətdə qalması möcüzə idi: “Çünki 2011-ci ildən "Ərəb baharı" başlandı, bir çox ərəb ölkələrində ciddi siyasi kataklizmlər yaşandı. Onların episentrində olan ölkələrdən biri məhz Suriya idi. İndi bu ölkədə çox mürəkkəb vəziyyətdir. ABŞ-ın yeni Prezidenti Tramp deyib ki, Suriyada baş verən hadisələrin ABŞ-a dəxli yoxdur, bu, onların öz müharibələridir. Sanki ABŞ kimi fövqəldövlət kənar müşahidəçi statusunda prosesləri izləyəcək. Rusiyanın da proseslərdə xüsusi təsir imkanlarının olmadığı faktı diqqətdən yayınmır. Çünki Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Moskva üçün strateji istiqamət budur. İran da Suriyada mövqeləri kifayət qədər zəifləmiş tərəf kimi çıxış edir. Prosesdə qardaş Türkiyə dövlətinin mövqeləri daha güclü təsir bağışlayır. O da Astana formatının iştirakçısıdır. Türkiyənin əvvəldən Suriya hakimiyyəti ilə ciddi problemləri olub. Bəşər Əsəd prezident Ərdoğanla görüşlərdən, təmaslardan belə imtina edib. Nəzərə alsaq ki, təxminən 4 milyona qədər suriyalı məhz Türkiyədə özünə sığınacaq tapıb. Onların Suriyaya geri qaytarılması məsələsi aktuallaşa bilər. Bu, Türkiyənin böyük bir yükdən azad olması deməkdir. Eyni zamanda PKK-nın əsas qanadlarından biri olan YPG də məhz Suriyanın şimalında  məskunlaşıb və hər zaman Türkiyə üçün təhlükə mənbəyi kimi çıxış edirdi. Bütün bu reallıqlar fonunda Türkiyənin üzləşdiyi problemlərin həlli üçün daha münasib vəziyyət yaranıb, münbit şərait formalaşıb. Qardaş dövlət onun siyasi, hərbi rəhbərliyi, yəqin ki, reallaşmış yeni reallıqlardan maksimum Türkiyənin təhlükəsizlik maraqları üçün istifadə edəcək".

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlünün bu hadisələr barədə öz Facebook profilində paylaşdığı status xüsusi diqqət çəkir: “Qədim rəvayət və hədislərdə İslam ümməti üçün ən böyük və ən son fitnənin də məhz indiki Suriya torpaqlarında çıxacağı, Zühurun və Qüdsün işğaldan azad edilməsi prosesinin isə bundan sonra baş verəcəyi vəd olunur. Hazırda Suriya ərazisində yaşananlar bütün əlamətləri ilə o böyük və son fitnə dövrünə qədəm qoyduğumuzu göstərir. Hər kəs - dost da, düşmən də "İslamçı" libasındadır və “Allahu-əkbər” hayqırır! İslam düşmənlərinin əsas məqsədi son illər sürətlə yaxınlaşan Türkiyə və İranı - Qəzza sınağından qismən üzüağ çıxa bilmiş bu iki müsəlman dövlətini Suriyada yenidən baş-başa gətirmək, toqquşdurmaq və beləcə, sünni-şiə ziddiyyətini körükləməklə İslam vəhdətinin qarşısını almağa, Qüds uğrunda mübarizəni zəiflətməyə və İsraili xilas etməyə nail olmaqdır! Qərb də, İsrail də çox yaxşı bilir ki, Türkiyə və İranın Suriyada əməkdaşlığı İslamda vəhdətə aparan və Qüdsü xilas edən yeganə yoldur!

Ən böyük fitnənin fitilinin çəkildiyi və körükləndiyi belə bir zamanda daha təmkinli və ehtiyatlı davranmalı, sosial şəbəkələr üzərindən dartıldığımız məzhəb qarşıdurmasından yayınmağı, təfriqəçi informasiyaların tələsinə düşməməyi bacarmalıyıq. Çünki budəfəki fitnə atəşinin yalnız Suriya və İraqı deyil, bütün İslam coğrafiyasını əhatə etməsi planlaşdırılır".

Chosen
13
1
demokrat.az

10Sources