EN

İran Suriyadakı hadisələrdən dərs çıxarmır - Elxan Şahinoğlu

Yazını böyüt
Yazını kiçilt

“SEPAH ilk dəfə deyil Azərbaycanı hədələyən yazılarla çıxış edir. Bu, onların apardığı siyasətin tərkib hissəsidir”.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu İran mediasının Azərbaycanı yenidən hədəfə alması, Zəngəzura hücum planı hazırladığını iddia edən çıxışları ilə bağlı şərhində bildirib.

Politoloq SEPAH-ın Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra ölkəmizə qarşı təzyiqlərini daha da artırdığını, sərhəddə təlimlər keçirməklə əzələ nümayiş etdirdiyini xatırladıb.

“SEPAH torpaqlarımızın işğalda olduğu 30 il ərzində bir dəfə də olsun Ermənistanla sərhəddə hərbi təlimlər keçirməyib və sözdə olsa da təcavüzə etiraz etməyib. Amma bu gün Azərbaycan əleyhinə siyasətlərini gücləndirirlər. Bir tərəfdən Azərbaycanı qardaş adlandırır, digər tərəfdən də təzyiqlərdən əl çəkmir, Azərbaycanı Zəngəzuru müharibə ilə ələ keçirmək niyyətində olmaqla ittiham edirlər”.

E.Şahinoğlu bildirib ki, Azərbaycanın Zəngəzurla bağlı istəyi aydındır.

“Azərbaycanın istəyi budur ki, azərbaycanlılar öz yurdlarına, evlərinə qayıdıb orada rahat, təhlükəsiz yaşasınlar. Bunu ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında bildirib. Prezident Zəngəzura iddia etmədiyimizi, bu torpaqlarda müharibə olmasını istəmədiyimizi deyib. Biz azərbaycanlıların orada yaşamasını, Zəngəzur dəhlizinin işləməsini istəyirik. Biz növbəti mühribədə maraqlı deyilik”.

Politoloq hesab edir ki, SEPAH bu siyasəti aparmaqla İranda anti-Azərbaycan əhval-ruhiyyəsini yüksək səviyyədə saxlamaq istəyir.

“Bunlar Suriyadakı hadisələrdən dərs çıxarmırlar. Diktator rejimini dəstəkləyən İran məğlub oldu, müttəfiqini itirdi. İran qonşu ölkələrlə münasibətini yaxşılaşdırmaqdansa, Azərbaycan əleyhinə siyasətini davam etdirir. Bu, Türkiyənin maraqlarına da toxunur. İran bu siyasətindən əl çəkməyənə qədər Azərbaycan-İran münasibətlərinin normallaşacağını gözləmək əbəsdir”.

Chosen
20
45
hafta.az

10Sources