EN

İlqar AĞASİYEV: "İnsan hüquqlarının müdafiəsi üçün hüquqi maarifləndirmə əsas prioritetlərimizdəndir"

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev QHT.az-a özəl açıqlamasında İnstitutun insan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə sahəsində geniş fəaliyyətindən danışıb:

"İnstitutumuz müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və hüquqi maarifləndirmə istiqamətində əməli fəaliyyət göstərir. Əsas layihələrimiz hüququn müxtəlif istiqamətləri və mövzuları üzrə təlim proqramlarının, hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, elmi-praktiki kommentariyaların və ekspert rəylərinin hazırlanması ilə əlaqədardır. Həmin fəaliyyətlərin bir neçəsi barədə daha ətraflı məlumat vermək istərdim. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində polis əməkdaşları üçün keçirilən təlimlərdə qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təmin olunmasında əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər əsas yer tutmuşdur.

Cəzaçəkmə müəssisələrində keçirilən təlimlərdə insan hüquqlarının qorunması və məhkumlarla davranış qaydalarına riayət olunması istiqamətində Penitensiar Xidmətin əməkdaşlarının bilik və peşəkarlığının artırılması kimi mövzular əsas yer almışdır. Təlimlərdə penitensiar müəssisə işçilərinin əmək funksiyalarını yerinə yetirərkən məhkumlarla vicdanlı rəftarı, məhkumlara qarşı davranış qaydalarına əməl edilməsi, onların sosial qayğılarının həll olunmasında yaranmış problemlərin aradan qaldırılması məsələləri geniş müzakirə olunmuşdur. Eyni zamanda Bakı şəhərinin müxtəlif rayonlarında İcra Hakimiyyətləri əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılması məqsədilə, vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya ilə mübarizə mövzularında silsilə təlimlər keçirilib".

İlqar Ağasiyev həmçinin Elm və Təhsil Nazirliyi ilə birgə Bakı şəhərinin bir neçə orta məktəblərində aparılmış maarifləndirici tədbirlər barədə də qısa məlumat verib. Şöbə müdiri tədbirlərin keçirilməsində məqsədin narkotiklərin cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyan və onların nəticələri barədə yeniyetmə və gənclərin məlumatlandırılması, bu istiqamətdə aparılan təbliğat işlərinin miqyasının genişləndirilməsi və ictimai fəallığın artırılmasından ibarət olduğunu vurğulayıb: 

"Beynəlxalq əməkdaşlığa gəldikdə isə, misal üçün, bu il BMT-nin Əhali Fondu ilə gender əsaslı zorakılıq və onunla effektiv mübarizə üzrə layihə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd gender əsaslı zorakılıq halları ilə mübarizə metodlarının effektiv təşkili, sosial işçilərin və yerli icma nümayəndələrinin mövzu üzrə bilik və bacarıqlarını artırmaqla, məişət zorakılığı ilə mübarizədə aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirmək, o cümlədən məişət zorakılığı hallarının azaldılmasına töhfə verməkdir. Layihə çərçivəsində İnstitut tərəfindən Bakı, Abşeron-Xızı (Sumqayıt, Xırdalan, Xızı), Gəncə-Daşkəsən (Gəncə, Daşkəsən, Samux) və Qarabağ (Bərdə, Ağcabədi, Tərtər) İqtisadi Zonalarında “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlimlər həyata keçirilib və bu təlimlər hazırda davam edir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
26
2
qht.az

3Sources