Tehran Universitetinin professoru Kiyumərs Əştərian “İran diplomatiyası” saytında yazıb ki, Türkiyənin Suriya müxalifəti üzərində hökmranlığı eyni zamanda onlarla çalışmağın çətinliyini həm azaldır, həm də artırır.
Müxaliflər Suriyanın şimalında işğal etdikləri ərazilərdə və Türkiyənin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə topladıqları təcrübə nəticəsində siyasi-iqtisadi quruculuq və formalaşmanı öyrəniblər. ABŞ və İsrailin razılığını qazanmaq üçün Türkiyənin köməyi ilə regional oyunun qaydalarını anlayıblar. Güc meydanının yeni xəritəsi nədir və onun diplomatik fəaliyyət üçün hansı imkanlarının olmasını sorğulayan professor bildirib ki, diplomatiya yalnız dost və qardaş ölkələrə səfər etmək deyil. Diplomatiya rəqiblərlə və düşmənlərlə işləmək bacarığıdır.
Onun sözlərinə görə, Suriya üzərindəki proksi qüvvələrinin üstünlüyü ilə oyunun qalibi müvəqqəti olaraq Türkiyədir. Bundan sonra yalnız bölgədə deyil, Şərqi Avropada da güc oxu Türkiyə olacaq və bu, İran da daxil olmaqla bütün aktorlar üçün yeni müsbət və mənfi imkanlar yaradacaq.
“Türkiyənin növbəti layihəsi Zəngəzurla bağlı “təxribatların” davam etdirilməsi, Yunanıstan, Kipr, İraq və İran sərhədlərində öz maraqlarına uyğun mübarizə aparmaq və təbii ki, Avropada rolu olacaq. İranın bu sahələrdə necə oynaması çox düşünməyi tələb edir... Rusiyanın isə beynəlxalq və regional rolu çox zəifləyir”, - deyə, professor qeyd edib.
visiontv.az