“Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsi, bina 6 və 7-nin yaxınlığında sahibsiz küçə itləri əlindən hərəkət etmək mümkün deyil. Həddindən artıq it çoxdur, sakinlər blokdan çıxa bilmirlər. Nəzərə alsaq ki, insanların daha sıx yaşadığı küçələrdir. Bu da təhlükəni birə-beş artırır. Nə qoca həyətə çıxa bilir, nə də uşaq”
Bunu Moderator.az-a şikayətində Yeganə Quliyeva bildirib. O daha sonra əlavə edib:
“Bu günlərdə uşağın əlindən əti qapıb qaçmışdı. Şükür Allaha ki, uşağa bir şey olmayıb. Olmazdı belə, olardı elə. Bəlkə elə uşağın əlində ət də olmazdı, belə çıxır ki, onun özünə hücum edəcəkdi? Binanın qarşısından sürü halında gedirlər. Yasamal Rayonu İcra Hakimiyyətinə müraciət etmişik, heç kim gəlib-getmir. Onu da qeyd edim ki, itlərin əksəriyyəti quduzdur və son aylar onlar daha da artır. O gün mən də gələndə qorxub qaçdım. Qaçanda da adamın arxasınca düşürlər. Mən ixtisasca ekoloqam. İstəmərəm ki, bu itləri məhv etsinlər. Qarışqanı da indiyə qədər öldürməmişəm. Amma şəhərin mərkəzindən ətraf ərazilərə köçürsələr daha yaxşı olar. Ümid edirik ki, problem həllini tapacaq” deyə şikayətçi bildirib.